Sinqapurda doğum səviyyəsinin kəskin azalması hökuməti ailələrə daha geniş maliyyə dəstəyi göstərməyə vadar edib. Yeni proqram çərçivəsində hər Sinqapur vətəndaşı uşağa doğulduğu gündən 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları, yəni 93 min manata yaxın maliyyə dəstəyi veriləcək. Məqsəd ailələri daha çox uşaq sahibi olmağa təşviq etməkdir.
Azərbaycanda da doğum səviyyəsinin artırılması üçün ailələrə bu cür genişmiqyaslı maliyyə dəstəyi göstərilməsi mümkündürmü? Bu cür ödənişlər doğum səviyyəsinin artmasına real təsir göstərə bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında Azərbaycanda təbii artımın daha yaxından dəstəklənməsi üçün bir sıra iqtisadi mexanizmlərdən istifadə edilməsinin məqsədəuyğun olduğunu deyib:
“Sözsüz ki, təbii artıma yalnız iqtisadi və sosial faktorlar deyil, digər amillər də təsir göstərir. Amma xüsusən nəzərə alsaq ki, biz bu istiqamətdə bir sıra təkliflərimizi təqdim etmişik, o cümlədən çoxuşaqlı ailə anlayışına yenidən baxılmasını və beşdən mərhələli şəkildə üçə endirilməsini, yəni 3 və daha çox uşağı olan ailələrə dövlət büdcəsindən aylıq müavinət ödənilməsini təklif edirik. Bu, nəticə etibarilə, xüsusən 3 və daha çox uşağı olan ailələrin büdcədən dəstək almasına və təbii artımın stimullaşdırılmasına gətirib çıxara bilər”.
Deputatın sözlərinə görə, eyni zamanda, qanunvericiliyə əsasən, 5 uşağı olan ailələrdə analar, bir sıra hallarda isə atalar daha tez pensiyaya çıxırlar:
“Amma “Sosial müavinətlər haqqında” Qanuna əsasən, 5-dən çox uşağı olan ailələrə dövlət büdcəsindən aylıq müavinət ödənilir. Ona görə biz vahid yanaşmanın tətbiq edilməsini təklif edirik. Birinci mərhələdə daha məqsədəuyğundur ki, vahid yanaşma olsun və 5 uşağı olan ailələr də dövlət büdcəsindən müavinət alsın. Daha sonra isə mərhələli şəkildə bu, 4 və 3 uşağı olan ailələrə də şamil edilsin. Nəticədə bu, təbii artımın daha yaxından dəstəklənməsinə gətirib çıxara bilər”.


