Turizm

Gecə həyatı üçün dünyanın ən yaxşı 10 şəhəri — SİYAHI

Gecə həyatı üçün dünyanın ən yaxşı 10 şəhəri — SİYAHI

Banqkok 2026-cı ildə gecə həyatı üçün dünyanın ən yaxşı şəhəri seçilib.

Demokrat.az xəbər verir ki, Tailandın paytaxtı 150 şəhərdə 24 mindən çox yerli sakinin iştirakı ilə keçirilən sorğunun nəticələri əsasında “Time Out” jurnalının hazırladığı reytinqə başçılıq edib.

Sorğuda iştirak edənlər, o cümlədən, gecə əyləncələrinin qiymət baxımından əlçatanlığını, həmçinin qaranlıq düşdükdən sonra şəhərin canlı, rəngarəng və təhlükəsiz olub-olmadığını qiymətləndiriblər.

Banqkok sakinlərinin 73 faizi şəhərlərinin gecə həyatını yaxşı və ya əla qiymətləndirib.

“Time Out” ekspertləri şəhərin müxtəlifliyini, göydələnlərin damlarındakı barlardan tutmuş kiçik və atmosferli məkanlara qədər geniş seçim imkanlarını ayrıca vurğulayıblar.

Ümumi reytinqdə ikinci yeri Berlin tutub və bununla da Avropa şəhərləri arasında lider olub. Almaniya paytaxtının əfsanəvi klub səhnəsi ilə tanış olanlar üçün bu nəticə gözlənilməz sayılmır.

Nəşr Berlini “gecə həyatı üçün standartları müəyyənləşdirməyə davam edən şəhər” adlandırıb. Şəhər sakinlərinin 78 faizi Berlinin gecə həyatına yüksək qiymət verib.

Üçüncü pillədə Nyu-York qərarlaşıb. Ekspertlər şəhərin daim dəyişən gecə həyatını xüsusi qeyd ediblər. Burada həm sakit şəkildə bir qədəh şərab içmək, həm də gecə saatlarında anbarlardan birində keçirilən reiv məclisinə qatılmaq mümkündür.

İlk beşliyə Avstraliyanın Melburn və Braziliyanın San-Paulu şəhərləri də daxil olub.

Berlinlə yanaşı, ilk onluqda daha iki Avropa şəhəri yer alıb – səkkizinci pillədə Brayton, onuncu pillədə isə Amsterdam.

Britaniyanın dənizkənarı kurortu olan Brayton ən yüksək qiyməti məhz yerli icmadan alıb. Sakinlərin 84 faizi şəhərdə insanlarla asanlıqla tanış olmağın və yerli icmanın bir hissəsi kimi hiss etməyin mümkün olduğunu bildirib.

Brayton Nyu-Yorkla birlikdə şəhərləri eyni zamanda “canlı”, “rəngarəng və inklüziv” hesab edən insanların sayına görə ikinci yeri tutub. Ekspertlər Braytonun inkişaf etmiş LGBTQ+ səhnəsini də ayrıca qeyd ediblər.

Amsterdam isə təkcə şəhər mərkəzində deyil, onun ətrafında da aktiv gecə həyatı olduğu üçün reytinqə daxil edilib. “Time Out” 2026-cı ildə keçirilən WorldPride tədbirinin Niderland paytaxtının axşam əyləncələri üçün Avropanın ən açıq və inklüziv məkanlarından biri kimi nüfuzunu daha da möhkəmləndirdiyini vurğulayıb.

“Time Out”un turizm redaktoru Qreys Birdin sözlərinə görə, 2026-cı ildə “uğurlu axşam” anlayışı əhəmiyyətli dərəcədə dəyişib.

“Yaxşı axşam artıq yalnız bir növ məkanla müəyyən edilmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, küçə məclisləri və damlarda keçirilən reivlər getdikcə populyarlaşır. Yerli sakinlər artıq mütləq bir və ya iki məşhur kluba getmirlər. Bunun əvəzinə onlar bir neçə gecə həyatı məkanının yerləşdiyi bütöv rayonlara üz tutaraq bir bardan digərinə keçirlər.

Bird vurğulayıb ki, reytinqdəki şəhərlərin əsas xüsusiyyəti insanların yeni vərdişlərinə uyğunlaşa bilmələridir. Bu şəhərlərdə 30 yaşdan yuxarı insanlar üçün məclislər, gizli barlar və yüksək keyfiyyətli musiqiyə üstünlük verənlər üçün məkanlar tapmaq mümkündür.

“Hər bir şəhər istənilən növ gecə istirahəti və istənilən insan üçün unudulmaz təcrübələr təklif edir. Möhtəşəm şəhər həyatı məhz belə görünməlidir”, deyə o bildirib.

Gecə həyatı səviyyəsinə görə dünyanın ən yaxşı 10 şəhəri

1. Banqkok, Tailand 2. Berlin, Almaniya 3. Nyu-York, ABŞ 4. Melburn, Avstraliya 5. San-Paulu, Braziliya 6. Medellin, Kolumbiya 7. Yohannesburq, Cənubi Afrika 8. Brayton, Böyük Britaniya 9. Pekin, Çin 10. Amsterdam, Niderland

Jalə Demokrat.az

D
demokrat.az