Avto Özəl

Avtosalonlarda bu modelləri bir daha görməyəcəksiniz

Avtosalonlarda bu modelləri bir daha görməyəcəksiniz

Dünya avtomobil bazarında yeni dəyişikliklər gözlənilir. Bir sıra məşhur krossover və SUV modelləri 2026-cı model ilinin başa çatması ilə istehsaldan çıxarılacaq və ya ABŞ bazarında satışdan yığışdırılacaq.

Demokrat.az xəbər verir ki, “Motor1” nəşri 2027-ci il üçün avtomobil bazarından gedəcək modellərin siyahısını açıqlayıb.

Siyahıda “Acura RDX”, “BMW iX”, “Ford Escape”, “Jaguar F-Pace”, “Honda Prologue”, “Land Rover Discovery Sport”, “Polestar 3”, “Polestar 4”, “Tesla Model X”, “Volkswagen ID.4” və “Volvo EX30” kimi modellər yer alıb.

Məlumata görə, “Acura RDX”in hazırkı nəsli 2026-cı ildən sonra istehsal olunmayacaq. Bununla belə, model tamamilə tarixə qovuşmur. Şirkət yeni nəsil hibrid RDX üzərində işləyir və onun yaxın illərdə bazara çıxması gözlənilir.

“BMW iX” də 2027-ci model ilində ABŞ bazarında olmayacaq. Lakin bu qərar modelin bütün dünyada istehsalının dayandırılması anlamına gəlmir.

“Ford Escape” isə 2026-cı model ilindən sonra sıradan çıxarılacaq. Şirkətin bu addımla daha sərfəli və elektrikləşdirilmiş modellərin istehsalına yer açmağa çalışdığı bildirilir.

Uzun müddətdir bazarda olan “Jaguar F-Pace” də 2027-ci il sırasına daxil edilməyəcək. “Honda Prologue” modelinin istehsalının isə 2026-cı ilin sonunda dayandırılması planlaşdırılır. Şirkət elektrikli avtomobillərə olan tələbatın dəyişməsi fonunda hibrid modellərə daha çox diqqət ayırır.

“Land Rover Discovery Sport” üçün də 2026-cı ilin sonu son mərhələ olacaq. Modelin istehsalının dekabr ayında başa çatdırılması gözlənilir.

“Polestar”ın ABŞ bazarından çıxması ilə “Polestar 3” və “Polestar 4” modelləri də bu ölkədə satışdan gedəcək. Bu isə həmin avtomobillərin qlobal bazarda tamamilə istehsaldan çıxarılması demək deyil.

“Tesla Model X” də 2026-cı ildən sonra ABŞ bazarında olmayacaq. Beləliklə, Tesla-nın uzun illərdir istehsal etdiyi iri elektrikli SUV modellərindən biri də şirkətin sırasından çıxacaq.

“Volkswagen ID.4” üzrə isə vəziyyət bir qədər fərqlidir. Modelin istehsalı hazırkı mərhələdə dayandırılsa da, şirkətin gələcəkdə Şimali Amerika bazarı üçün yeni versiya təqdim etmək ehtimalı var.

“Volvo EX30” da ABŞ bazarında uzunömürlü olmayacaq. Şirkət modelin bu ölkədə satışını 2026-cı ildən sonra dayandırmaq qərarına gəlib.

Beləliklə, siyahıdakı bütün avtomobillərin qlobal istehsalının tamamilə dayandırılması nəzərdə tutulmur. Bəzi modellər istehsaldan çıxarılır, digərləri isə yalnız ABŞ bazarından yığışdırılır.

Demokrat.az

D
demokrat.az