Dünya Özəl

Malazgird — 955: Anadolunun qapılarını türklərə açan böyük zəfər — VİDEO

Malazgird — 955: Anadolunun qapılarını türklərə açan böyük zəfər — VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Ahlatda yatan Anadolu fatehlərinin qəbrini ziyarət ediblər.

Bizans imperiyası ilə Səlcuq imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyəsində (hazırda Türkiyənin Muş vilayətinin Malazgird rayonu) qanlı və həlledici döyüş baş verib. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətraf ərazilərdə Bizans hakimiyyətinin zəifləməsində mühüm rol oynayıb və Anadolunun tədricən türkləşməsinə şərait yaradıb.

XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan zəfər kimi qəbul edirdi.

Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyət əsasında orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçaraq canlarını xilas etməsi səbəbindən məğlubiyyət qərbi və şərqi taqmata birliklərindən toplanmış döyüşçülərə baha başa gəldi. Malazgird döyüşünün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi. Bu, türklərin mərkəzi Anadolunun içərilərinə daxil olmasına səbəb oldu. 1080-ci ildə artıq Səlcuq türkləri 78 min kvadrat kilometr ərazini ələ keçirmişdilər. Bu döyüşdən sonra Bizansın özünə gəlməsi 30 ilə başa gəldi və I Aleksius (1081–1118) Bizansda sabitliyi bərpa edə bildi.

Malazgird — 955: Anadolunun qapılarını türklərə açan böyük zəfər — VİDEO

Tarixçi Tomas Asbridc yazır ki, 1071-ci ildə Malazgird döyüşündə səlcuqlular imperiya ordusunu Kiçik Asiyanın şərqində darmadağın etdilər. Tarixçilər bunu yunanlar üçün faciəvi geriləmə hesab etməsələr də, hər bir halda bu, acıverici bir geriləmə idi. Həmçinin bu, Bizans imperatorunun müsəlman komandanın əsirinə düşdüyü ilk və sonuncu hal idi.

Bizans imperiyasının orta əsrlərin güclü və möhkəm imperiyalarından biri kimi qalmasına baxmayaraq, hərbi baxımdan bacarıqsız monarxlar olan IV Konstantin Monomaxın və X Konstantin Dukasın hakimiyyəti illərində imperiya hərbi baxımdan çox gerilədi. I İsaak Komnenosun iki illik qısa hakimiyyəti dövründə həyata keçirdiyi islahatlar isə sadəcə Bizans ordusunun çökməsini bir qədər gecikdirə bildi. 1053-cü ildə IX Konstantin XI əsr yunan tarixçisi Con Skaylitzesin 50 min nəfərdən ibarət olduğunu və “İberiya ordusu” adlandırdığı hərbi birləşməni dağıdıb ləğv etdi. Skaylitzesin müasirləri olan keçmiş məmurlar Maykl Attaleiates və Kekaumenos da razılaşırlar ki, bu hərbi birləşmənin Konstantin tərəfindən dağıdılması imperiyanın şərq sərhədlərinin müdafiəsində faciəvi rol oynadı.

Konstantin Səlcuqlularla 1064-cü ilə qədər davam edəcək razılaşma imzaladı, lakin Alp Arslanın komandanlığı altındakı böyük Səlcuq ordusu İberiya temasına hücum etdi və 25 günlük mühasirədən sonra Ani şəhərini ələ keçirərək əhalini məhv etdi.

1068-ci ildə IV Roman Diogen hakimiyyəti ələ aldı və bəzi sürətli hərbi islahatlardan sonra Manuel Komnenosu (I İsaak Komnenosun qardaşı oğlu) ekspedisiyanın komandanı təyin edərək Səlcuqluların üzərinə göndərdi. Manuel Hierapolis Bambisini ələ keçirdi və İkoniuma olan türk hücumunun qarşısını əks-hücumla aldı, lakin sonradan Sultan Alp Arslanın komandanlıq etdiyi Səlcuq ordusu tərəfindən məğlub edildi. Manuel əsir götürüldü.

Alp Arslan qazandığı uğura baxmayaraq, tez bir zamanda sülh imzalamaq istəyirdi. Çünki o, özünün əsas düşməni kimi Misir Fatimilərini görürdü və digər dövlətlərlə münasibətləri pisləşdirmək istəmirdi. 1069-cu ildə Bizansla razılaşma imzalandı.

1071-ci ilin fevralında IV Roman öz elçilərini Alp Arslanın yanına göndərərək 1069-cu il müqaviləsinin yenilənməsini təklif etdi. Şimal cinahını hücumdan qorumağa çalışan Alp Arslan bununla razılaşdı. Edessanın mühasirəsini dayandıran Alp Arslan qüvvələrini Fatimilər tərəfindən idarə olunan Hələbə yönəltdi.

Sülh danışıqları sadəcə aldatma məqsədi daşıyırdı. Roman bundan istifadə edərək böyük bir ordu ilə Səlcuqluların cavabını gözləmədən Şərqi Anadoluya doğru yürüşə başlamışdı.

Başlanğıc

IV Romanı onun rəqibi Con Dukasın oğlu Andronikos Dukas müşayiət edirdi. IV Romanın ordusu Bizansın qərb əyalətlərindən toplanmış 5 min nəfər peşəkar döyüşçüdən və ehtimal ki, sayı bir o qədər olan şərq əyalətlərindən toplanmış bölmələrdən ibarət idi.

Bunlara mərkəzi meydan ordusunun (taqmata) uzun müddətdir yaradılmış nizami birləşmələri — Heteriya, Skolai və Straelati — daxil idi. Yerli Bizans elementləri arasında şərq və qərb temalarının hərbi inzibati bölmələrindən olan əyalət orduları da yer alırdı.

Malazgirddəki arxa ordu böyük ölçüdə sərhəd ağalarının (arxontes) şəxsi bölmələrindən və kəndlilərdən təşkil edilmişdi. Onlara Andronikos Dukas rəhbərlik edirdi.

Nəhayət, böyük orduya 500 frank və norman muzdlu döyüşçüdən ibarət və Roussel de Bailleulun komandanlıq etdiyi dəstələr, türk tayfalarından olan uzlar və peçeneqlər, bulqar muzdlular, gürcü və ermənilərdən təşkil edilmiş ordu bölmələri və Varyaq Qvardiyası daxil idi. Muzdlulara Antioxiya hersoqu rəhbərlik edirdi.

Ordunun ümumilikdə sayı təxminən 40 min nəfər idi. IV Romandan əvvəlki illərdə əyalət hərbi bölmələrinin sayı azaldılmışdı. Hökumət muzdlu ordudan istifadə etməyi üstün tuturdu. Çünki muzdlu ordunun siyasətə qarışma ehtimalı daha aşağı idi və müharibə bitdikdən sonra onları buraxmaqla pula qənaət etmək mümkün olurdu.

Kiçik Asiyanı keçmək üçün yürüş uzun və əziyyətli idi. Bu yürüş boyunca ordu ilə yanaşı, lüks yüklər daşıtdıran IV Roman özünü ordusuna sevdirə bilmədi. Həmçinin yerli əhali onun frank muzdlu əsgərlərinin yağmalarına məruz qaldı. IV Roman onlardan bəzilərini ordudan qovmağa məcbur oldu.

Bizans ordusu Sebasteiada, Qızılırmaq çayı sahilində istirahət edərək 1071-ci ilin iyununda Theodosiopolisə çatdı. Burada IV Romanın bəzi generalları yürüşü Səlcuq ərazilərinə doğru davam etdirməyi və Alp Arslanı hazırlıqsız yaxalamağı təklif etdilər. Digər bir qrup general isə burada qalmağı və möhkəmlənməyi təklif etdi. Sonda yürüşün davam etdirilməsi qərara alındı.

Alp Arslanın ya gəlmədiyini, ya da çox uzaqda olduğunu düşünən IV Roman ümid edirdi ki, bu müddət ərzində Malazgirdi və mümkün olsa, onun yaxınlığındakı Xliat qalasını ələ keçirə bilər. Buna görə də Van bölgəsinə doğru irəliləməyə başladı.

Alp Arslan isə artıq bu bölgəyə gəlmişdi. Müttəfiqləri və Hələb, Mosul tərəfdən olan 30 min süvari ilə onu gözləyirdi. IV Romanın onun barədə heç nədən xəbəri olmamasına baxmayaraq, Alp Arslanın rəqibinin hər bir addımından xəbəri var idi.

IV Roman öz generalı Jozef Tarçaneiotesə nizami ordunun bir hissəsini, Varyaq Qvardiyasını, peçeneqləri və frankları verərək Xliatı ələ keçirməyə göndərdi. IV Roman özü isə yerdə qalan qoşunla Malazgirdə doğru irəlilədi.

Qoşun elə bölünmüşdü ki, hər iki tərəfə təxminən 20 min döyüşçü düşmüşdü. Tarçaneioteslə göndərilmiş ordunun taleyi barədə dəqiq məlumat yoxdur. Bizans mənbələri bu barədə heç nə deməsələr də, müsəlman mənbələri Alp Arslanın bu ordunu darmadağın etdiyini bildirirlər. Mixail Attaliates isə general Tarçaneiotesin Alp Arslanın gözləri qarşısında döyüşdən qaçdığını yazır. Hər bir halda, IV Romanın ordusu planlaşdırılan 40 minlik ordudan iki dəfə az oldu.

Malazgird — 955: Anadolunun qapılarını türklərə açan böyük zəfər — VİDEO

Döyüş

Döyüşün səhəri günü Sultan Alp Arslan ordusunu topladı və ordunun qarşısına islami cənazə geyimi olan kəfənə bənzər ağ paltarda çıxaraq nitq söylədi. Bu nitq öz döyüşçülərini cəsarətləndirmək və sultanın döyüşdə ölməyə hazır olduğunu göstərmək məqsədi daşıyırdı.

İmperator IV Roman Tarçaneiotesin məğlub olmasından xəbərsiz idi və Malazgirdə doğru irəliləyirdi. O, 23 avqustda Malazgirdi asanlıqla ələ keçirdi. Səlcuqlular isə buna ağır ox hücumu ilə qarşılıq verdilər. Növbəti gün Bryenniosun komandanlığı altında ərzaq toplayan bəzi Bizans döyüşçüləri Səlcuq ordusu ilə qarşılaşdılar və Malazgirdə geri çəkilməyə məcbur oldular.

Bu ordunun Alp Arslanın əsas ordusu olduğuna inanmayan IV Roman tabeliyində olan erməni generalı Basilakesin komandanlığı altında bu məsələni dəqiqləşdirmək üçün süvari dəstə göndərdi. Süvari dəstəsi darmadağın edildi və Basilakes əsir götürüldü.

IV Roman öz ordusunu döyüş düzülüşünə saldı və sol cinahı demək olar ki, türk ordusu tərəfindən mühasirəyə alınan və yenidən geri çəkilməyə məcbur edilən Bryenniosun komandanlığı altına verdi. Səlcuq ordusu yaxınlıqdakı təpəlikdə gecəni keçirdi və bu, demək olar ki, IV Romanın əks-hücuma keçməsini mümkünsüz etdi.

25 avqustda IV Romanın bəzi türk muzdlu döyüşçüləri öz qohumları olan səlcuqlularla əlaqə yaratdılar və Bizans ordusunu tərk etdilər.

IV Roman göndərilmiş Səlcuq sülh nümayəndəliyini rədd etdi. O, şərq problemini, Səlcuqluların aramsız davam edən axınları problemini tamamilə həll etmək fikrində idi. Həmçinin dərk edirdi ki, sonradan Səlcuqlulara qarşı ikinci ordu toplamaq həddindən artıq bahalı və çətin başa gələcək.

İmperator Tarçaneiotesi və onun yerdə qalan bölmələrini geri çağırmağa çalışdı, lakin onlar artıq həmin bölgədə deyildilər. Həmin gün toqquşma olmadı.

26 avqustda Bizans ordusu döyüş düzülüşünə keçdi və türk mövqelərinə doğru irəliləməyə başladı. Bizans ordusunun sol cinahı Bryenniosun, sağ cinahı Teodor Alyatesin, mərkəzi isə imperatorun öz komandanlığı altında idi.

Bu anda türk döyüşçüsü Alp Arslana “Sultanım, düşmən ordusu yaxınlaşır” deyə bildirdi. Sultan isə cavabında “Biz də onlara yaxınlaşırıq” dedi.

IV Roman Andronikos Dukasını geridə qalan dəstənin komandanı təyin etmişdi. Bu, imperatorun etdiyi ən böyük səhv idi və bunu Andronikosun sədaqətinə şübhə etdiyi üçün etmişdi.

Bizans ordusunun yaxınlaşmasına 4 kilometr qalmış Səlcuq ordusu hilal formasında düzüldü. Bizans ordusu yaxınlaşdıqca Səlcuq ordusu onları ağır ox atəşinə tutdu. Mərkəzdəki qüvvələr geri çəkilərkən cinahlar irəliləyərək Bizans ordusunu mühasirəyə almağa başladı.

Bizanslılar ox hücumlarını dəf etdilər və günortanın sonlarına doğru Alp Arslanın düşərgəsini ələ keçirdilər. Lakin Bizanslıların sol və sağ cinahları ox hücumlarından ən çox ziyan görən bölmələr idi və bu zərər ucbatından demək olar ki, dağılma həddinə çatmışdılar.

Ayrı-ayrı bölmələr Səlcuqluları meydan döyüşünə çəkməyə çalışarkən, onlar sadəcə döyüşdən yayınırdılar və bozqır üslubuna uyğun şəkildə vur-qaç taktikasından istifadə edirdilər. Roman gecə yaxınlaşarkən geri çəkilmə əmri verməyə məcbur oldu. Lakin Bizansın sağ cinahı əmri düzgün başa düşmədi və imperatorun rəqibi Dukas bilərəkdən imperatorun əmrini yerinə yetirmədi. O, əsas Bizans ordusunu izləmək əvəzinə Malazgirdin kənarında düşərgəyə çəkildi.

Bizans tərəfində qarışıqlığın hökm sürdüyünü görən Səlcuqlular bundan dərhal istifadə edərək hücum etdilər. Bizansın sağ cinahı tez bir zamanda dağıldı.

Onlar türk kökənli yardım dəstələrinin və ya ermənilərin xəyanət etdiyini düşündüklərinə görə belə tez bir zamanda dağıldılar. Bəzi müəlliflər zənn edirlər ki, döyüşdən ilk qaçanlar ermənilər olub. Bunun əksinə olaraq isə türk dəstələrinin sona qədər sadiq qaldığı bildirilir.

Bizans ordusunun Bryenniosun komandanlığı altındakı sol cinahı bir qədər müqavimət göstərsə də, tezliklə o da dağıldı. Bizansın mərkəz qüvvələrinin qalığı, imperator və onun Varyaq mühafizəçiləri də daxil olmaqla, Səlcuqlular tərəfindən mühasirəyə alındı.

Roman yaralanaraq əsir düşdü. Bizans tərəfində sağ qalmağı bacaranlar döyüş meydanından qaçaraq gecə boyunca təqib olunmadan qurtula bildilər. Sübhə yaxınlaşarkən Bizansın peşəkar döyüşçülərdən təşkil edilmiş nüvəsi məhv edilmişdi. Artıq bu zaman Andronikosun kəndlilərdən və məcburi səfərbərlik nəticəsində gətirilənlərdən ibarət dəstəsi döyüş meydanından qaçmışdı.

Roman Diogenin əsirliyi

İmperator IV Roman Diogen Alp Arslanın hüzuruna çıxarıldığı zaman sultan qanlar içində və üst-başı pis gündə olan şəxsin imperator olduğuna inanmağı rədd etdi. Onun kimliyini dəqiqləşdirdikdən sonra Alp Arslan çəkməsini imperatorun boynuna qoyaraq onu yeri öpməyə məcbur etdi.

Bu zaman məşhur bir dialoqun da olduğu qeyd olunur.

İbn əl-Adimə görə, Arslanın hüzurunda Roman Diogen Rəşid əl-Dövlənin Bizans ərazisinə yürüşlərini lənətlədi. Çünki bu yürüşlərə cavab olaraq imperator müsəlman bölgəsinə yürüş etmiş və bu yürüş Malazgird döyüşünə gətirib çıxarmışdı.

Diogen bir həftə sultanın düşərgəsində əsirlikdə qaldı. Bu müddət ərzində sultan ona süfrəyə özü ilə birlikdə oturmağa icazə verdi. Bu zaman sultanla imperator torpaq məsələsini müzakirə etdilər.

Antioxiya, Edessa, Hierapolis və Malazgird Səlcuqlulara təslim edildi. Diogenin əsirlikdən buraxılması üçün müəyyən edilmiş 10 milyon qızıl pul imperator tərəfindən çox yüksək məbləğ kimi qəbul edildi. Nəticədə qərara alındı ki, ilk olaraq 1,5 milyon qızıl pul ödəniləcək və sonradan illik 360 min qızıl pul xərac veriləcək. Bundan əlavə, bu iki hökmdar arasında nikah əlaqəsi yaradılması planlaşdırıldı. Sultanın oğlu imperatorun qızı ilə evlənməli idi.

Bundan sonra sultan Diogenə xeyli hədiyyə verərək onu iki əmir və 100 məmlüklə birlikdə Konstantinopola yola saldı.

Öz taxtına geri döndükdən sonra Diogen hakimiyyətinə qarşı ciddi təhlükələrlə qarşılaşdı. Ona sadiq ordu qurmağa çalışmasına baxmayaraq, Dukas ailəsinə qarşı üç dəfə məğlub oldu. Sonda taxtdan endirildi, kor edildi və Proti adasına sürgünə göndərildi. O, qanlı kor edilmə prosesi zamanı yaranmış infeksiya nəticəsində tezliklə vəfat etdi.

Diogenin Anadolunun mərkəzi torpaqlarını qorumaq üçün çox çalışdığı sonuncu yürüş hamının gözü qarşısında alçaldılması ilə nəticələndi.

Türklər Alp Arslanın 1072-ci ildə ölümünə qədər Anadolunun içərilərinə doğru irəliləmədilər.

Malazgird döyüşü Bizans üçün uzunmüddətli planda fəlakət olsa da, keçmiş dövrlərdə tarixçilərin düşündüyü kimi qırğınlar olmamışdı. Müasir tarixçilər düşünürlər ki, Bizansın canlı qüvvə itkisi o qədər də çox olmayıb. Çünki Bizans hərbi birləşmələrinin bir çoxu sağ qala bilmiş, bir neçə ay başqa yerlərdə döyüşmüş və Səlcuqlulara əsir düşənlər bir müddət keçdikdən sonra sağ olaraq azad edilmişdilər.

Bizans tərəfinin komandanlarının hamısı — Dukas, Tarçaneiotes, Bryennios, Teodor Alyates, de Bailleul və digərləri — döyüşdən sağ çıxa bildilər və sonrakı hadisələrdə iştirak etdilər.

Döyüşün nəticəsi Bizansla Səlcuqlular arasında güc balansını birbaşa dəyişdirməsə də, döyüşdən sonra Bizansın daxilində meydana çıxan üsyanlar və vətəndaş müharibələri vəziyyəti Səlcuqluların lehinə dəyişdirdi.

Dukas heç bir itki vermədən xilas olmağı bacardı və sürətlə Konstantinopola doğru irəliləməyə başladı. O, burada IV Romana qarşı çevriliş təşkil edərək VII Mixaili basileus elan etdi. Bryennios komandanlıq etdiyi cinah dağıdılarkən itki verdi. Səlcuqlular qaçan Bizans ordusunu nə təqib etdilər, nə də Malazgirdi yenidən ələ keçirdilər.

Bizans ordusu qaçıb uzaqlaşdıqdan sonra yenidən qruplaşdı və Dokeyaya (müasir Kastamonu) doğru irəlilədi. Bir həftə sonra imperator IV Roman da əsirlikdən azad edildikdən sonra buraya gələrək ordusuna qatıldı.

Maddi baxımdan ən böyük itki isə, görünür, Bizans imperatorunun cah-cəlallı təminat yükləri olmuşdur.

Bu ağır məğlubiyyətin nəticəsi Şərqi Roma imperiyasının ürəyi olan Anadolunun itirilməsi demək idi. Con Yulius Norviç Bizans barədə yazdığı trilogiyasında məğlubiyyət barədə “imperiyanın qalıqlarının da yox olmasına yüz illər lazım olmasına baxmayaraq, bu ölüm zərbəsi idi. Anadoludakı temalar əslində imperiyanın ürəyi idi və Malazgirdən sonrakı onilliklər ərzində onlar yoxa çıxdı” deyə yazırdı.

Norviç daha qısa olan “Bizansın qısa tarixi” kitabında döyüşü “mövcudluğunun yeddi əsr yarımlıq tarixi boyunca imperiyanın başına gələn ən böyük fəlakət” olaraq təsvir edirdi.

Ser Stiven Ranciman “Səlib yürüşlərinin tarixi” kitabında “Bizans tarixinin ən böyük fəlakəti Malazgird döyüşüdür. Bizanslıların özlərinin bu barədə yanılğıları yox idi. Onların tarixçiləri dəfələrlə bu ölümcül günə istinadlar etmişdilər” deyə qeyd edirdi.

İllər keçdikcə Malazgird döyüşü imperiya tarixi üçün fəlakət kimi dəyərləndirildi. Buna görə də sonrakı mənbələr döyüşdə iştirak edən qoşunların və itkilərin sayını xeyli dərəcədə çox təqdim edirdilər. Bizans tarixçiləri tez-tez keçmişə baxır və həmin günü fəlakət günü kimi, imperiyanın süqutunun başlanğıc tarixi olaraq lənətləyirdilər.

Bu, nəticəsi tez görünən fəlakətlərdən deyildi. Lakin bu döyüşdəki qələbə Səlcuqlulara Bizanslıların məğlubedilməz olmadığını göstərdi. Həmçinin Andronikos Dukasın qəsdi də imperiyanın siyasi sabitliyini təmin etməyə imkan vermədi. Nəticədə döyüşdən sonrakı türk miqrasiyalarına müqavimət göstərmək çətinləşdi.

Son olaraq, daha əvvəlki intriqalar və imperatorların çevrilişlə taxtdan endirilməsi kimi hadisələr baş versə də, IV Romanın taleyi xüsusilə qorxunc idi. Bunun səbəb olduğu qeyri-sabitlik də imperiyaya yüz illər boyunca təsir etdi.

Alparslan

D
demokrat.az