Yetkinlik yaşına çatmış şəxsin xəbəri və razılığı olmadan onun adına əmlak və ya kredit rəsmiləşdirilməsi hüquqi baxımdan mümkün deyil. Bəs belə hal baş verərsə, şəxsin hüquqları necə qorunur və adına rəsmiləşdirilən borc öhdəliyinin ləğvi üçün hansı hüquqi addımlar atılmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, 18 yaşı tamam olmuş şəxsin hər hansı bir müqavilə bağlaması, öhdəliyi üzərinə götürməsi yalnız onun şəxsi iştirakı ilə bağladığı müqavilə əsasında və ya etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər.

Onun sözlərinə görə, şəxs mütləq şəkildə özü iştirak etməlidir və ya qanun imkan verir ki, onun adından etibarnamə ilə səlahiyyətli nümayəndəsi iştirak etsin:
“Yalnız valideyn olduğu üçün, etibarnamə olmadan, əlbəttə ki, o prosesləri həyata keçirə bilməyəcək.
Bank təşkilatları bu məsələlərə müəyyən qədər ciddi yanaşırlar və etibarnamə əsasında kredit verilməsi və ya hər hansı əmlakın ipoteka ilə yüklü edilməsi ilə bağlı prosesləri demək olar ki, icra etmirlər.
Yəni bu tip proseslərdə şəxs hətta nümayəndə ilə belə təmsil oluna bilmir. Şəxs birbaşa özü iştirak etməlidir, o prosesdə iştirak etməli və həmin sənədləri özü imzalamalıdır. Yalnız bundan sonra həmin sənədlərdə göstərilən öhdəlikləri həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
Əgər hər hansı bir formada valideynlər 18 yaşı tamam olmuş şəxsin iştirakı olmadan və razılığı olmadan onun üzərinə öhdəliyin qoyulması ilə bağlı sənədlərin imzalanmasında iştirak ediblərsə, həmin sənədlər birmənalı olaraq etibarsızdır.
Həmin şəxs məhkəməyə müraciət edərək həmin sənədlər barədə yeni məlumat aldığını və sənədlərin məhkəmə qaydasında etibarsız hesab edilməsini tələb edə bilər.
Hər hansı bir sənədin etibarsızlığı ilə bağlı iddia müddəti bir il müəyyən edilib. Ola bilər ki, həmin sənədin imzalanması, rəsmiləşdirilməsi 3-4 il əvvəl olub, amma şəxs indi bu barədə məlumat alıb.
Ona görə də həmin şəxs məlumatı yeni aldığını sübut etməklə və əsaslandırmaqla da həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək hüququna malikdir”, - deyə vəkil fikrini tamamlayıb.


