Rusiya nəşrinin məlumatına əsasən, Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə təqdim etmə prosesinin tezliklə başlayacağını elan edən Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə, istiqamət dəyişikliyinin ağır bədəli ilə üzləşə bilər. İrəvanın səylərinə baxmayaraq, Ermənistan Avropa İttifaqına üzvlük məqsədlərinə çata bilməyəcək.
Rusiyanın Ermənistanın Aİ-yə üzvlük istiqamətində atdığı addımlara və AİB-dən mümkün çıxışına dair sərt mövqeyi iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, iki ölkə arasında durum heç də Rusiya rəsmilərinin açıqlamalarında və mətbuatında yer aldığı kimi deyil:

“Hazırkı mənzərəyə baxanda məsələ artıq sadəcə Ermənistanın Avropaya yaxınlaşması ilə bitmir. Bunu Moskva ilə İrəvan arasında strateji seçim mərhələsinə keçid kimi də qiymətləndirmək olar. Bu baxımdan Ermənistanın Aİ-yə rəsmi üzvlük ərizəsi ilə müraciət edəcəyini bəyan etməsinə, əlbəttə ki, Rusiyanın sərt ritorikası və reaksiyası ilə qarşılıq veriləcəyi gözlənilən idi. Ermənistanın Avropa İttifaqına ərizə ilə müraciət etməsi Aİ-yə üzv olmaq demək deyil. Əslində isə Ermənistan hökuməti Aİ-yə üzvlük üçün formal müraciət prosesini başlatmaq niyyətindədir. Bundan sonra Avropa Komissiyasının qiymətləndirməsi, 27 üzv ölkənin siyasi qərarı və daha sonra uzunmüddətli danışıqlar prosesi başlamalı və davam etməlidir. Yəni Ermənistanın Avropa İttifaqına üzvlüyü yaxın perspektivdə mümkün görünmür və hətta namizəd statusu verildiyi təqdirdə proses illərlə davam edə bilər. Moskvanın narahatlığı isə ondan ibarətdir ki, Ermənistanın təqdim edəcəyi ərizə üzvlükdən əvvəlki siyasi addım olsa da, siyasi istiqamətin geri dönməz şəkildə dəyişməsinin başlanğıcı kimi qəbul edilir. Bu baxımdan Rusiya öz mövqeyini bu qədər sərt şəkildə büruzə verir. Çünki Rusiyanın siyasi dairələrində Ermənistanın dövlət olaraq mövcudluğunun Rusiyanın siyasi, iqtisadi və humanitar dəstəyi ilə ərsəyə gəldiyini düşünürlər. “Uman yerdən küsərlər” misalında olduğu kimi, Ermənistanın Rusiyanı buraxıb Avropaya üz döndərməsini heç kim, heç cür Rusiyada həzm edə bilmir”.
Çingiz Şahbazi qeyd edib ki, bu baxımdan da Rusiyada hesab edirlər ki, Ermənistanın bu addımı iqtisadi-hüquqi uyğunsuzluqla üzləşəcək və Aİ-nin gömrük, ticarət və fitosanitar qaydalarına keçən Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması mümkün olmayacaq. Bu səbəbdən Ermənistanın üzvlüyünün dayandırılması məsələsinin ilin sonuna qədər nəzərdən keçiriləcəyi gözlənilir:
“Bu, artıq iqtisadi xəbərdarlıq deyil. Moskvanın Ermənistanın geosiyasi seçim etməsini tələb edən xəttə keçdiyini desək, daha doğru olar. Çünki Ermənistanla bağlı Rusiyanın əlində kifayət qədər siyasi və iqtisadi alət var. Nəzərə alsaq ki, Rusiya Ermənistanın ən mühüm ticarət tərəfdaşlarından biridir və xarici ticarətin təxminən 40 faizini təşkil edir, Moskvanın artıq bəzi erməni məhsullarına məhdudiyyətlər tətbiq etməsi Ermənistan üçün kifayət qədər ciddi məsələ olduğunu göstərir. Ermənistanın Rusiya qazından asılılığı iqtisadi təsir alətləri arasında ən çox üzərində durulan məsələlərdən biridir. Ermənistanın Avropaya keçid etməsi halında əldə etdiyi güzəştləri itirə biləcəyi ilə bağlı Rusiya rəsmiləri dəfələrlə xəbərdarlıq mesajı göndəriblər. Rusiya ərazisində çalışan ermənilərlə bağlı mümkün məhdudiyyətlər də hər an qüvvəyə minə bilər. Çünki bura Rusiyadır, hər an hər şey dəyişə bilir”.
Onun fikrincə, bütün bunların tətbiq edilməsi ehtimalı daşıyan amillər arasında olması Ermənistanı birdəfəlik Rusiyadan uzaqlaşdırmağa vəsilə də ola bilər:
“Əslində, bu paradoks 2020-ci il Qarabağ müharibəsindən sonra daha çox özünü göstərməyə başladı. Bunun ardınca Moskvanın sərt təzyiq siyasəti qısa müddətdə ağrılı olsa da, uzun müddətdə Ermənistanın Qərbə inteqrasiyasını təmin etdi. Bu gün isə bu təzyiqlərin nəticəsində Ermənistan prosesi sürətləndirmək yolunu tutub. Rusiyanın “ərizə vermək başqa, üzv olmaq başqa şeydir” fikri də əbəs yerə səslənmir. Moskva Avropa İttifaqının demokratiya, hüquq sistemi, iqtisadiyyat, korrupsiya ilə mübarizə, xarici siyasət və digər sahələrdə ciddi şərtlər tələb edəcəyinə işarə edərək bunu deyir. Lakin bu, siyasi proqnozdur, əlbəttə ki, fakt deyil. Bu baxımdan Ermənistan Rusiyanın orbitindən ayrılmağa çalışır, lakin iqtisadi və siyasi asılılığı səbəbilə bunu bir anda edə bilmir. Bu gün Ermənistan Moskva ilə münasibətləri dərhal kəsmədən Avropaya doğru hərəkət etməyə çalışır və hesab edirəm ki, qarşısında duran əsas vəzifələr, heç şübhəsiz ki, regionda cərəyan edən hadisələrin nəticələrinə çox bağlıdır. Nəinki Ermənistan, bütövlükdə Cənubi Qafqaz Rusiyanın yanlışlarından uzaqlaşmağı haqq edir və bu, mütləq ki, uğurla başa çatacaq”.


