Universitetə qəbul nəticələrinin açıqlanması abituriyentlər və onların ailələri üçün həm sevinc, həm də həyəcanla müşayiət olunan dövrdür. Lakin nəticələrin elan olunmasından sonra bəzi ailələrdə uşaqların bir-biri ilə müqayisə edilməsi də müşahidə olunur. Valideynlərin “filankəsin uşağı qəbul oldu, sən də oxu”, “başqasının balı səndən yüksəkdir” kimi ifadələrlə övladlarına təzyiq göstərməsi onların üzərində əlavə psixoloji yük yarada bilər.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən Mail Yaqub söyləyib ki, sosioloqlar və psixoloqlar valideynlərə uşaqlarını başqa uşaqlarla müqayisə etməməyi tövsiyə edirlər:

“Əgər valideyn övladının sağlam inkişafını və xoşbəxt böyüməsini istəyirsə, onu heç bir halda digər uşaqlarla müqayisə etməməlidir. Çünki belə müqayisələr uşaqda psixoloji təzyiq yaradır, onu sarsıdır, gərginliyə və stresə səbəb olur. Bəzi valideynlər uşaqlarına “Filankəsin uşağı bu qədər bal topladı”, “Filankəsin uşağı bunu etdi” kimi sözlərlə təzyiq göstərirlər. Lakin bu yanaşma düzgün deyil. Keçmişdə baş verənləri dəyişmək mümkün deyil. Valideyn uşağın əvvəlki nəticələri ilə deyil, onun hazırkı vəziyyəti və inkişafı ilə maraqlanmalıdır. Hər bir uşağın özünəməxsus bacarığı və istedadı var. Ola bilər ki, övladımız müəyyən ixtisasa qəbul olmaq üçün lazımi bacarıqlara malik deyil, amma başqa sahədə xüsusi istedadı var. Əsas məsələ həmin bacarığı vaxtında görmək və inkişaf etdirməkdir”.
Sosioloq əlavə edib ki, valideyn uşağını danlamaq və başqaları ilə müqayisə etmək əvəzinə onu təşviq etməli, motivasiya verməli və dəyərli olduğunu hiss etdirməlidir:
“Müqayisə və alçaldıcı ifadələr uşağın özünəinamına mənfi təsir göstərə bilər. Ona görə də valideynlər övladlarının gələcəyini düşünməli, onların psixoloji sağlamlığına diqqət yetirməli və düzgün seçimlər etmələri üçün yanlarında olmalıdırlar. Valideyn uşağın qarşısında onu mühakimə edən deyil, dəstəkləyən və yol göstərən bir dost olmalıdır. Uşaqları başqaları ilə müqayisə etmək isə onların inkişafına kömək etmir, əksinə, mənfi təsir göstərə bilər”.


