Türkiyənin tanınmış və varlı qadınlarından biri olan Servet Koçakın ölümündən sonra 2022-ci ildə hazırladığı vəsiyyətnamə üzə çıxıb.
Demokrat.az xəbər verir ki, Koçak iki oğlunu – Necati və Recai Koçakı mirasından məhrum edib və onların ölümündən sonra özünün yanında dəfn olunmasına da razılıq verməyib.
89 yaşında mayın 10-da vəfat edən Koçak Türkiyənin müxtəlif şəhərlərində çoxsaylı məktəblərin tikintisinə dəstək verib və İstanbul Boğazındakı tarixi Kara Todori Paşa Yalısının sahibi olub.
Koçak vəsiyyətnaməsində oğullarından biri olan Recainin atasından qalan mirası və ona verilən digər vəsaiti xərclədiyini, Denizlidəki fabriki iflasa uğratdığını və yaranan borcların özü və qızı Naciye tərəfindən ödənildiyini iddia edib.
O, həmçinin oğlunun maddi sıxıntı zamanı “intihar edəcəyəm” deyərək ona psixoloji təzyiq göstərdiyini və davamlı şəkildə pul aldığını bildirib.
Koçak oğullarının yalının ərazisinə gəldikləri zaman işçilərin qarşısında qalmaqal yaratdıqlarını, ona və qızı Naciyəyə təhqiramiz ifadələr işlətdiklərini, fiziki zorakılıq göstərdiklərini və əşyalara zərər vurduqlarını da vəsiyyətnaməsində qeyd edib.
Koçak oğullarının onu qəyyumluq altına almaq üçün birlikdə hərəkət etdiklərini də iddia edib. O, vəsiyyətnaməsində oğullarının valideynlik vəzifələrini yerinə yetirmədiyini, ona fiziki və mənəvi təzyiq göstərdiyini və əsassız iddialarla onu qəyyumluq altına salmağa çalışdığını bildirərək hər iki oğlunu mirasından çıxarıb.
Vəsiyyətnamədə onun ölümündən sonra dəfn mərasiminin qızı Naciye tərəfindən təşkil edilməsini və həyat yoldaşı Cevat Koçakın yanında dəfn olunmasını istədiyi qeyd edilib. Oğullarının isə həmin məzarlıqda onun yanında dəfn edilməsinə razı olmadığını açıq şəkildə bildirib.
Vəsiyyətnaməni “Milliyet”ə şərh edən vəkil Gürsel Devrim İyim bildirib ki, müəyyən hallarda övladların mirasdan məhrum edilməsi hüquqi baxımdan mümkündür. Bunun üçün qanuni səbəbin vəsiyyətnamədə göstərilməsi və həmin səbəbin real, konkret faktlarla sübut olunması tələb olunur.
Onun sözlərinə görə, oğulların gələcəkdə vəsiyyətnaməyə etiraz etməsi halında mirasdan məhrumetmə səbəblərinin sübut edilməsi məsələsi gündəmə gələ bilər.
Hüquqşünas həmçinin vurğulayıb ki, oğulların “ananın yanında dəfn edilməməsi” barədə vəsiyyətnamədəki istək onların avtomatik olaraq miras hüququndan məhrum edilməsi demək deyil.
Koçakın ölümündən sonra ailə daxilindəki miras mübahisəsi məhkəməyə daşınıb. Sarıyerdə yerləşən Kara Todori Yalısı 2026-cı ilin əvvəlində 1,15 milyard türk lirəsi qiymətlə icradan satışa çıxarılmışdı.
Koçak ailəsinin ictimaiyyətə açıqlanmış dəqiq ümumi sərvət məbləği isə məlum deyil.
Ailə daxilindəki qarşıdurma Koçakın ölümündən sonra da davam edib. Oğlu Recai anasının ölümünün ondan və qardaşı Necatidən gizlədildiyini iddia edərək bacısı Naciye barədə polisə şikayət edib.
Daha sonra Recai Koçak və ailəsinin müxtəlif avtomobillərlə izlənildiyindən şübhələndiyi bildirilib. Məhkəmə Naciye Koçak barəsində Recai və ailəsinə qarşı 45 günlük uzaqlaşdırma qərarı çıxarıb.
Jalə Demokrat.az


