İqtisadiyyat Özəl

Bakıda marketlərdə Belarus qatığı satılır, amma kəndli südü yerə tökür — Niyə?

Bakıda marketlərdə Belarus qatığı satılır, amma kəndli südü yerə tökür — Niyə?

Ötən gün sosial şəbəkələrdə fermerin istehsal etdiyi südü yerə tökdüyünü əks etdirən görüntülər yayılıb. Fermerlər istehsal etdikləri südün aşağı qiymətə alındığını bildirərək narazılıqlarını ifadə ediblər. Fermerin 15 qəpiyə satdığı südün mağazalarda 1,50-2 manata təklif olunması isə istehsalçı ilə istehlakçı arasındakı qiymət fərqini gündəmə gətirib.

Bəs südün istehsalçıdan istehlakçıya çatdırılmasında vasitəçilərin rolu nə qədərdir? Qiymət zəncirində yaranan bu ciddi fərqin əsas səbəbləri hansılardır və fermerlərin birbaşa emal müəssisələrinə və ya bazara çıxışını təmin etmək üçün hansı mexanizmlər qurulmalıdır?

Mövzu ilə bağlı kənd təsərrüfatı ilə məşğul olan sahibkar Güləmayıl Bayramova Demokrat.az-a açıqlamasında bildirib ki, bir alıcı, yəni ya dövlət tərəfindən təşkil olunmuş, ya da özəl şirkətlər tərəfindən yaradılmış hər hansı süd alıcısı, şirkət və ya müəssisə yoxdur.

Onun sözlərinə görə, südün tədarükünü həyata keçirən qurumun özünün soyuducusu və soyuducu anbarı olmalı, həmçinin fermer təsərrüfatları ilə müqavilələr bağlamalıdır:

“Ona görə də həmin fermer göydən yerə qədər haqlıdır. Doğrudan da, heyvan saxlamaq böyük xərc tələb edir. Onun yemi, otu, suyu, peyvəndləri, baytar nəzarəti və digər xərcləri var. Bütün təsərrüfatlarda da bu problemlər yaşanır.

İndi, məsələn, kimin südü çoxdursa, onun üçün vəziyyət daha çətindir. Mənim təsərrüfatımda süd azdır. 10 baş inəyim var. Südü gah yağa, gah da pendirə çevirirəm, ya da təsadüfi süd alanlar varsa, süd şəklində satmağa çalışıram. Amma hazırda bu südün satışı ilə bağlı heç bir satış nöqtəsi, fermerlərə kömək edə biləcək mexanizm və ya sistem yoxdur.

Fermerlər üçün südün satışı çox çətindir. Yay mövsümüdür, süd isə tez xarab olan məhsuldur. Halbuki fermerlər şəhər əhalisinin süfrəsinə keyfiyyətli və təmiz süd çatdırmaq üçün yaxşı məhsul istehsal edirlər. Ondan pendir, xama, qatıq və müxtəlif digər süd məhsulları istehsal etmək olar.

Bizim marketlərdə Belarusun pendirləri, qatığı və müxtəlif digər süd məhsulları satılır. Müharibədən əvvəl isə əsasən Ukrayna məhsulları daha çox idi. Son dövrlərdə isə bir fermer təsərrüfatında çalışan insan kimi müşahidə edirəm ki, əsas satılan məhsullar Belarusdan gətirilən məhsullardır. Hətta qatıq da Belarusdan gətirilir.

Niyə? Halbuki Azərbaycan aqrar ölkədir və ən azı özünü süd və süd məhsulları ilə təmin edə bilər. Xaricdən valyuta ödəyərək süd və süd məhsulları gətirməyə ehtiyac qalmamalıdır.

Yəni bütün fermerlər kimi mən də arzulayıram ki, dövlət bu məsələdə təsərrüfat sahiblərinə kömək olsun.

Yəni bütün təsərrüfat sahiblərinin ən böyük problemi odur ki, süd gündəlik istehsal olunan, gündəlik sağılan məhsuldur. Həm də südü uzun müddət saxlamaq mümkün deyil ki, onu depolayıb müştəri tapılana qədər gözlədəsən. Bu, hər gün sağılır, hər gün satışa çıxarılmalı olan məhsuldur”, - deyə fermer fikrini tamamlayıb.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli isə bildirib ki, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq süd məhsullarına olan tələbatın artması süd alışının da artmasına və qiymətlərin müəyyən qədər tənzimlənməsinə təsir göstərməlidir.

Onun sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, bu sahədə yalnız bazar mexanizmlərinə güvənmək kifayət qədər effektiv nəticə verməyə bilər:

“Çünki mal-qaranın sayında azalma müşahidə olunur və bu da təbii olaraq süd istehsalının həcminə təsir göstərir.

Belə bir şəraitdə süd istehsalının davamlılığının təmin edilməsi və fermerlərin bu sahəyə marağının qorunması üçün əlavə dəstək mexanizmlərinin tətbiqi məsələsi gündəmə gələ bilər. Burada söhbət yalnız qiymətlərin inzibati qaydada tənzimlənməsindən getmir. Əsas məqsəd fermerin istehsal etdiyi məhsul üçün dayanıqlı bazarın formalaşdırılması və onun gəlir əldə etməsinə imkan verən şəraitin yaradılmasıdır.

Bir sıra ölkələrdə bu istiqamətdə müxtəlif dövlət dəstəyi modellərindən istifadə olunur. Məsələn, Türkiyədə məktəblər və digər dövlət qurumlarının ehtiyacları üçün fermerlərlə müqavilələr əsasında süd tədarükünün həyata keçirilməsi təcrübəsi mövcuddur. Bu cür yanaşma istehsalçı üçün əvvəlcədən müəyyən edilmiş alıcı və sabit tələbat formalaşdıra bilər. Nəticədə fermer istehsal etdiyi südün satışında daha az çətinliklə üzləşir və gəlirlərinin proqnozlaşdırılması imkanları artır.

Eyni zamanda, dövlətin müxtəlif sosial və institusional ehtiyaclar üçün yerli istehsaldan süd alması həm fermerlərin dəstəklənməsinə, həm də daxili istehsalın stimullaşdırılmasına xidmət edə bilər. Bu baxımdan məktəblər, uşaq müəssisələri, səhiyyə və digər sosial sahələr üzrə tədarük mexanizmlərinin nəzərdən keçirilməsi mümkün variantlardan biri ola bilər.

Ona görə də südçülük sahəsində yalnız bazar mexanizmlərinə deyil, eyni zamanda istehsalçıları stimullaşdıran əlavə dəstək tədbirlərinə də diqqət yetirilməsi məqsədəuyğun olardı. Xüsusilə yem, baytarlıq xidmətləri, məhsuldarlığın artırılması və satış imkanlarının genişləndirilməsi istiqamətində dəstək mexanizmləri fermerlərin istehsala marağının qorunmasına kömək edə bilər.

Əks halda, istehsal xərclərinin artması, satış imkanlarının məhdudluğu və gəlirlərin kifayət qədər olmaması fermerlərin südçülük sahəsinə marağının azalmasına səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə həm süd istehsalına, həm də daxili bazarın yerli məhsullarla təminatına təsir göstərə bilər”, - deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az