Kriminal Özəl

Azərbaycanda toyda oynamaq istəyən şəxsi döydülər — Açıqlama

Azərbaycanda toyda oynamaq istəyən şəxsi döydülər — Açıqlama

Ağdam rayonunda toy məclisində rəqs etmək üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdam rayonunun Evoğlu kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü Tamerlan həmin kənd sakininin yaşadığı evin həyətində təşkil edilmiş toy mərasimində, toy mağarının arxasında Məhəmməd Şirinovla mübahisə edib.

Bu zaman Tamerlan Məhəmmədin toyxanada rəqs etmək üçün mübahisə yaratmasını bəhanə edib və öz şəxsiyyətinin başqa şəxslər üzərində üstünlüyünü nümayiş etdirərək toy şənliyinin dayanmasına, toy şənliyinə yığışmış şəxslərin narahat olmasına səbəb olan hərəkətlər edib. Tamerlan yumruqla bir dəfə Məhəmməd Şirinovun sağ göz nahiyəsinə zərbə endirməklə ona xəsarətlər yetirib.

Tamerlanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun bacısı qızının toy mərasimində Məhəmmədin qardaşı Zamin rəqs etmək istəyib:

“Mən isə Zaminə gözləməyi dedim. Bundan sonra Məhəmməd toyxanaya gəldi və sərxoş halda olduğundan mənimlə mübahisə etməyə başladı. Toyxananın arxa tərəfində Məhəmməd söyüş söydü və həmin vaxt Məhəmmədi yumruqla bir dəfə vurdum. Məhəmməd məni vurmayıb”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib.

Zərərçəkmiş Məhəmməd isə ifadəsində göstərib ki, məlum hadisə günü Rövşənin həyətinə toya gedib:

“Tamadaya rəqs etmək istədiyimi dedim. Anar və Faiq adlı həmkəndlilərim məni toyxanadan çıxardılar. Toyxananın arxa tərəfində Tamerlan yumruqla sifətimə vurdu. Hadisə yerində olan bir neçə şəxs bizi aralaşdırdı”.

O, ifadəsinin sonunda Tamerlanla barışdığını və ona qarşı şikayətçi olmadığını bildirib.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə Tamerlan 11 ay 22 gün müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli

D
demokrat.az