Son dövrlər sosial şəbəkələrdə “ruqiyyə” adı altında Quran ayələri və dualar oxunaraq insanlardan guya cin çıxarıldığı iddia edilən görüntülər geniş yayılır. Videolarda bəzi şəxslərin Quran oxunması zamanı qışqırdığı, yerə yıxıldığı və müxtəlif reaksiyalar göstərdiyi görünür. Bəzi paylaşımlarda isə həmin şəxslərin daxilində olduğu iddia edilən cinlərin müxtəlif dillərdə danışdığı və ya fərqli səslərlə cavab verdiyi bildirilir.
Bəs İslamda ruqiyyənin əsas şərtləri nələrdir və ruqiyyə zamanı insanın göstərdiyi reaksiyalar, eləcə də bu prosesin videoya çəkilərək sosial şəbəkələrdə yayımlanması dini baxımdan necə qiymətləndirilir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, ruqiyyə gözdəymə, cadu və cin toxunması kimi hallarda müalicə məqsədilə tətbiq olunan dini praktikadır.

Onun sözlərinə görə, ruqyə Qurani-Kərimdən müəyyən ayələrin və Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) oxuduğu duaların insanlara şəfa məqsədilə oxunmasından ibarətdir:
“Bu, xəstə insana, yəni gözdəymə və cadu olduğu düşünülən şəxsə şəfa tapması üçün oxunur.
Bu məsələ Allah rizası üçün həyata keçirilməlidir. Onu çəkilişlərə, nümayişə çevirmək və bu məqsədlə ayrıca mərkəz yaratmaq düzgün yanaşma deyil. Xəstə insanın evinə gedərək ona Quran oxumaq və kömək etmək mümkündür.
Lakin bu gün bunun üçün xüsusi mərkəzlər yaradılır. Xəstələr həmin yerlərə gətirilir və proses digər şəxslərin də iştirakı ilə həyata keçirilir. Bəzi hallarda isə həmin məkanlar studiyaya çevrilir, kameralar quraşdırılır. Bu isə çəkilişlərin əvvəlcədən planlaşdırıldığı təəssüratı yaradır. Sıxıntı və problem yaşayan xəstələrdən razılıq alınaraq onların görüntüləri çəkilir və sosial şəbəkələrdə yayımlanır.
Bu yaxınlarda ölkəmizdə də belə bir hadisə baş vermişdi. Videoda qadının yerə yıxıldığı, guya onun daxilində olan cinin ispan və çin dillərində danışdığı iddia olunurdu. Başqa bir görüntüdə isə xəstənin ruqiyyə oxuyan şəxsə müqavimət göstərdiyi, təpik və yumruq atdığı, müxtəlif dillərdə danışdığı iddia edilirdi.
Belə görüntülərin çəkilərək sosial şəbəkələrdə yayılması, əksinə, cadu və bu kimi inancların daha geniş yayılmasına səbəb ola bilər. Bu cür məzmun insanlarda qorxu yaradır və bəzi şəxslərin özlərində cadu və ya gözdəymə olduğu qənaətinə gəlməsinə səbəb olur.
Hətta bəzi şəxslər qəbiristanlıqlarda gecə vaxtı video çəkərək guya orada basdırılan caduların necə tapıldığını nümayiş etdirirlər. İnsanlar bu görüntülərə baxarkən qorxu və təşviş keçirə bilərlər. Daha sonra ailəsində və ya şəxsi həyatında hər hansı problem yaşayan insanlar bunun səbəbini cadu və ya gözdəymə ilə əlaqələndirərək bu fəaliyyətlə məşğul olan şəxslərə müraciət edə bilərlər”.
Yaşar Qurbanov əlavə edib ki, ruqyə mərkəzlərində xəstələrin müalicə prosesinin kameralar vasitəsilə çəkilməsi də düzgün deyil:
“Bəzi hallarda həmin məkanlarda peşəkar kameralar quraşdırılır. Bu isə prosesin əvvəlcədən çəkiliş və nümayiş üçün hazırlandığı təəssüratını yaradır. Belə fəaliyyətin həyata keçirilməsində səmimiyyət və dini prinsiplərə riayət etmək əsas şərtlərdən biridir.
Bu cür yerlərə müraciət edən insanların bəzilərinin gözdəymə, cadu və ya cin toxunması kimi hallardan müalicə olunmadığı, nəticədə pullarını boş yerə xərclədiyi iddia edilir. Bəzi hallarda müxtəlif seanslar üçün yüksək məbləğlər tələb olunur.
Bundan başqa, bəzi videolarda böyük həcmdə zeytun yağına və ya suya Quran oxunduğu, daha sonra həmin məhsulların satışa çıxarıldığı görünür. Məsələn, adi suyun və ya digər məhsulların üzərinə Quran oxunaraq onların daha yüksək qiymətə satıldığı hallara rast gəlinir. Bu isə dini praktikadan kommersiya məqsədilə istifadə edilməsi ilə bağlı suallar yaradır.
Bu səbəbdən insanların belə xidmətlərə görə yüksək məbləğlər ödəməsi məsələsində diqqətli olmaq lazımdır. Ruqiyyə zamanı imkanı olan şəxsin könüllü şəkildə yardım etməsi ilə əvvəlcədən müəyyən edilmiş yüksək məbləğlər qarşılığında xidmət göstərilməsi arasında fərq var. Seans, evin “təmizlənməsi” və digər xidmətlər üçün yüksək ödənişlərin tələb edilməsi bu fəaliyyətin kommersiyalaşdırılması ilə bağlı suallar yaradır.
Belə fəaliyyətlərin çəkilməsi, paylaşılması və nümayişə çevrilməsi düzgün deyil. Bu görüntülər insanların qorxu və təşvişini artıraraq onları falçılara və cadu ilə bağlı xidmət göstərən şəxslərə müraciət etməyə sövq edə bilər.
Xəstələrin yerə yıxılması və ağır vəziyyətdə görüntülərinin yayımlanması da düzgün yanaşma deyil. Bu cür görüntülər insan ləyaqəti və şəxsi məxfiliyi baxımından ciddi suallar doğurur.
Ruqiyyə Allah rizası üçün həyata keçirilməli, həqiqətən xəstə və yardıma ehtiyacı olan şəxslərə kömək göstərilməlidir. Lakin bunu biznesə çevirmək və ayrıca mərkəz yaradaraq prosesləri nümayiş etdirmək dini praktikanın mahiyyətinə uyğun deyil.
Bəzi mərkəzlərdə ruqiyyə prosesi zamanı bir xəstənin Quran oxunarkən qışqırdığı, digər xəstələrin isə növbə gözlədiyi görüntülənir. Bu cür yanaşma ruqyə praktikasının tamaşa xarakteri almasına səbəb ola bilər.
Bu fəaliyyətlərin xurafat və dini yanlış təsəvvürlərin yayılmasına, insanların qorxuya düşməsinə və cadu ilə bağlı xidmət göstərən şəxslərə müraciət etməsinə səbəb ola biləcəyi nəzərə alınmalıdır.
Belə hallarla bağlı ilahiyyatçıların və dini xadimlərin maarifləndirici çıxışlar etməsi vacibdir. Son illərdə sosial şəbəkələrdə bu tip görüntülərin artdığı müşahidə olunur. Xüsusilə qadınların və digər həssas vəziyyətdə olan şəxslərin görüntülərinin yayımlanması onların şəxsi həyatının və məxfiliyinin qorunması baxımından qəbuledilməz hallara səbəb ola bilər.
Bəzi görüntülərdə uşaqların da ruqyə adı altında müxtəlif formalarda müdaxilələrə məruz qaldığı iddia edilir. Məsələn, uşağın yerə uzadılaraq üzərinə fiziki təzyiq göstərilməsi və bu zaman Quran oxunması görüntüləri yayılıb. Bu cür halların uşaqların fiziki və psixoloji təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurduğu vurğulanır.
Belə yanaşmanın ruqyə praktikasının mahiyyəti ilə uyğun olub-olmaması da sual doğurur. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu formada davranmadığı bildirilir. Eyni zamanda, dini mənbələrdə sehr məsələsinin ictimai şəkildə yayılmasının qarşısının alınmasına diqqət çəkilir.
Buna baxmayaraq, bəzi şəxslər canlı yayımlarda müxtəlif kağız və yazıları nümayiş etdirərək guya onların vasitəsilə ruqyə və ya cadu “təmizlədiklərini” iddia edirlər. Bu cür görüntülərin insanlarda qorxu yaratdığı bildirilir.
İlahiyyatçı qeyd edib ki, dini yanaşmaya görə, problem Quran oxumaqda, başqasına Quranla ruqiyyə etməkdə və ya şəriətin icazə verdiyi yollarla sehri batil etməkdə deyil:
“Əsas məsələ ruqiyyə prosesinin çəkilişlərdən ibarət bir tamaşaya çevrilməsidir.
Belə hallarda ruqiyyəçinin əsas fiqur kimi ön plana çıxarıldığı, xəstənin isə prosesin nümayiş etdirilən tərəfinə çevrildiyi bildirilir. Sehrlərin tapılması və açılması kimi təqdim olunan görüntülərin isə insanların marağını və həyəcanını artırmaq, daha çox baxış toplamaq məqsədi daşıya biləcəyi ilə bağlı narahatlıqlar ifadə olunur.
Dini yanaşmaya əsasən, ruqiyyə insanlara fayda vermək, müsəlmana kömək etmək və onun sıxıntısını yüngülləşdirmək məqsədi daşıyan bir praktikadır. Bu səbəbdən onun özünü qəhrəman kimi göstərmək, güc nümayiş etdirmək və sosial şəbəkələrdə izlənmə sayını artırmaq vasitəsinə çevrilməsinin doğru olmadığı vurğulanır.
Digər tərəfdən, ruqiyyə zamanı xəstənin zəif və çarəsiz vəziyyətinin kamera qarşısında nümayiş etdirilməsi də ciddi suallar yaradır. Xəstənin şəxsi həyatının və məxfiliyinin qorunması, onun görüntülərinin hansı məqsədlə yayımlandığı və buna razılıq verib-vermədiyi mühüm məsələlərdən biri hesab olunur.
Dini mənbələrdə də sehr məsələsinin belə yayılmasının insanlara zərər verə biləcəyi qeyd olunur. Ona görə də sehrləri, tilsimləri, müxtəlif yazıları insanların qarşısında nümayiş etdirmək, kamera qarşısında açmaq və bunları sosial şəbəkələrdə paylaşmaq düzgün deyil.
Belə videoların davamlı şəkildə yayılması ruqiyyə anlayışını da insanlara yanlış formada təqdim edir. Ruqiyyə dini mahiyyətindən uzaqlaşdırılıb tamaşaya, sosial media məzmununa çevrilməməlidir. Çünki bu, insanların ruqiyyəyə münasibətinə də mənfi təsir göstərə bilər.
Əsas məqsəd xəstəyə kömək etmək, onun sıxıntısını azaltmaq və məxfiliyini qorumaq olmalıdır. Xəstənin həssas vəziyyətindən istifadə edib sosial şəbəkələrdə baxış toplamaq və ya kommersiya gəliri əldə etmək düzgün yanaşma deyil. Çəkiliş və nümayiş əsas məqsədə çevrilməməlidir”, - deyə Yaşar Qurbanov fikrini tamamlayıb.


