Ağdam rayonunda 22 yaşlı oğlan bibisi qızına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdam rayonu Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “RH Parfum” adlı ətriyyat mağazasında baş verib.
2004-cü il təvəllüdlü Şamil Bayramov iş vaxtında həmin mağazada satıcı işləyən bibisi qızı Leylanın heç kimə demədən evdən getməsini bəhanə edib. O, Quzanlı qəsəbəsi ərazisində yerləşən “Ömər” marketdən aldığı mətbəx bıçağını şalvarının sol arxa hissəsindən çıxarıb və qadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirib.
Şamilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Şamil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Leyla onun bibisi qızıdır:
“Leyla ilə bir evdə yaşayırıq. Leylanı mağazada işlədiyinə görə vurmuşam. Leylanı vurduğum bıçağı onu qorxutmaq üçün marketdən almışam. Leyladan hansı səbəbə görə evdən getdiyini soruşdum. O isə mənə nalayiq söz dedi. Leylaya 2-3 dəfə bıçaqla zərbə vurmuşam. Həmin vaxt əsəbi olduğumdan Leylanı neçə dəfə vurduğumu dəqiq xatırlamıram. Bir neçə dəfə vurduqdan sonra bıçağı yerə atdım”.
Təqsirləndirilən şəxs deyib ki, Leyla uşağını babasının yanında qoyaraq gecə vaxtı Bakıya gedib və onunla mübahisəsi bu səbəbdən yaranıb:
“Leylanı vurduğum mağazada bizdən başqa heç kim olmayıb. Hazırda Leylaya qarşı heç bir kinim yoxdur. Tutduğum əməldən peşmançılıq hissi keçirmişəm və onunla barışmışam”.
Zərərçəkmiş Leyla ifadəsində göstərib ki, Şamil onun dayısı oğlu olmaqla onlar bir evdə yaşayırlar:
"Ərimdən boşanaraq uşağımla birlikdə babamın evinə qayıtmışam. Şamillə yaşadığım evdə aramızda heç bir mübahisə olmayıb. Mən işləyərək pul qazanmaq istəmişəm. Lakin evdə mənə icazə verməyiblər. Bu səbəbdən gecə vaxtı uşağımı qoyaraq yaşadığım evdən getdim. Şamil zəng vuraraq harada olduğumu soruşdu. Mən isə onu aldadaraq Quzanlıda olduğum halda Bakı şəhərində olduğumu dedim”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra işlədiyi mağazada olarkən Şamil həmin yerə gəlib:
“Mağazada Şamillə söhbət etdim. O, məni 3-4 dəfə bıçaqla vurdu. Bundan sonra nə baş verdiyini xatırlamıram. Şamilin cibindən bıçaq çıxardığını görməmişəm. Şamil bıçaqla üzümdən, qolumdan və kürəyimdən vurub. Bu zaman mən yerə yıxıldım. Yerə yıxıldıqdan sonra Şamil məni təpiklə vurdu”.
Zərərçəkmiş deyib ki, hadisə təxminən 3-5 dəqiqə davam edib, Şamilin onu öldürmək məqsədi olmayıb. O, təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını qeyd edib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə Şamilin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbsdən azad edilib.


