Android telefonlarda əsas simsiz bağlantıları söndürsəniz belə, cihaz bəzi prosesləri arxa planda davam etdirir. Xüsusilə Wi-Fi və Bluetooth skanları gecə ərzində əlavə enerji sərf edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "BitcoinBazishu" yazıb.
Wi-Fi skanı batareyanı niyə azaldır?
Wi-Fi söndürülsə belə, Android yaxınlıqdakı şəbəkələri aşkar etmək üçün vaxtaşırı skan həyata keçirə bilər. Telefon ətrafdakı şəbəkələrin BSSID adlanan aparat ünvanlarını müəyyənləşdirir və bu məlumatlardan təxmini mövqeyi hesablamaq üçün istifadə olunur.
Bu üsul GPS-dən daha sürətli və daha az enerji tələb edə bilər. Lakin telefonun gecə boyu mütəmadi olaraq skan aparması gözləmə rejimində əlavə enerji sərfiyyatına səbəb olur.
Bluetooth skanı da arxa planda işləyir
Bluetooth skanı yaxınlıqdakı BLE cihazlarını və mayakları aşkarlayır. Bu texnologiya xüsusilə qapalı məkanlarda telefonun yerini daha dəqiq müəyyənləşdirməyə kömək edir.
Lakin bunun mənfi tərəfi də var: smartfon Bluetooth-u arxa planda vaxtaşırı aktivləşdirərək ətrafdakı cihazları axtarır və nəticədə batareyanın sərfiyyatı artır.
Bu funksiyaları necə söndürmək olar?
Android telefonlarda adətən bu parametrlərə belə daxil olmaq mümkündür:
**Parametrlər → Məkan → Məkan xidmətləri**
Burada:
* “Wi-Fi şəbəkələrini axtar” * “Bluetooth cihazlarını axtar”
funksiyalarını söndürmək olar.
Eyni bölmədə “Məkan dəqiqliyini yaxşılaşdır” seçimini də deaktiv etmək mümkündür.
Batareya sərfiyyatı nə qədər azalır?
İki həftəlik test zamanı bu funksiyaların söndürülməsi gecə ərzində batareya itkisinin təxminən 6-7 faizdən 3 faizə düşməsinə imkan verib.
Fərq əsasən telefonun gecə gözləmə rejimində olduğu zaman nəzərə çarpır. Gün ərzində ekran və tətbiqlər daha çox enerji sərf etdiyi üçün Wi-Fi və Bluetooth skanlarının payı o qədər də böyük olmur.
Bunun mənfi tərəfi də var
Bu funksiyaları söndürdükdə qapalı məkanlarda geolokasiyanın dəqiqliyi azala bilər. Məsələn, "Google Maps" küçədə istifadəçinin yerini düzgün müəyyənləşdirsə də, binaların daxilində mövqeni daha az dəqiqliklə göstərə bilər.
Buna görə də gecə batareyanın daha az boşalması sizin üçün önəmlidirsə, bu iki funksiyanı yatmazdan əvvəl söndürüb səhər yenidən aktivləşdirə bilərsiniz. Məkan dəqiqliyinə ehtiyacınız çoxdursa, onları açıq saxlamaq daha məqsədəuyğundur.
Jalə Demokrat.az


