Region Özəl

Paşinyan üzünü Köçəryan və Sərkisyana tutdu: Belə çıxır ki, siz özünüz də Azərbaycana işləmisiniz?

Paşinyan üzünü Köçəryan və Sərkisyana tutdu: Belə çıxır ki, siz özünüz də Azərbaycana işləmisiniz?

"Ermənistanın yeni Konstitusiyasında "İstiqlal Bəyannaməsinə" istinad edilməməlidir. Yeni Konstitusiyanın qəbulu məsələsi sırf Ermənistanın daxili gündəliyinə aid olan məsələdir"

Demokrat.az-ın məlumatına görə, bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumətin növbəti beş il üçün nəzərdə tutulan proqramını təqdim edərkən bildirib.

"Təkcə ona görə yox ki, biz bu kursu seçmiş və onu hələ 2020-ci ilin fevralında elan etmişdik, həm də ona görə ki, Ermənistan Respublikasının vətəndaşları 'Vətəndaş Müqaviləsi' partiyasına səs verməklə, faktiki olaraq bu gündəliyə də səs vermiş oldular. Yeni Konstitusiyanın qəbulu 'Vətəndaş Müqaviləsi'nin seçki platformasının əsas müddəalarından biridir və bu, Ermənistan xalqının özünün legitim və azad iradə ifadəsi ilə qəbul edilmiş Konstitusiyaya sahib olmaq, bununla da öz hüquqi nizamını və həyat qaydalarını sərbəst şəkildə müəyyən etmək hüququna malik olması prinsipinə əsaslanır", – deyə Paşinyan bildirib.

"Digər tərəfdən, danılmazdır ki, Azərbaycan konstitusiya islahatları məsələsini çox fəal şəkildə gündəmə gətirir və hətta ondan bir vasitə kimi istifadə edir; bu, hamıya məlum olan bir faktdır. Lakin əgər bu, bəzi müxalifət dairələrinin iddia etdiyi kimi, yeni Konstitusiya məsələsinin məhz Azərbaycanın gündəliyində duran bir mövzu olması anlamına gəlirsə, gəlin Üçüncü Respublikanın tarixinə nəzər salaq: həmin məntiqlə yanaşsaq, 1994-cü ildən bəri yeddi rayonun qaytarılması məsələsini ardıcıl olaraq yalnız Azərbaycan qaldırıb — yəni Ermənistan tərəfindən bu barədə heç bir təşəbbüs olmayıb və dərc olunmuş sənədlərin də təsdiqlədiyi kimi, Qarabağ məsələsinin həlli ilə bağlı danışıqlara gəldikdə, Ermənistanın bütün əvvəlki administrasiyaları - xüsusən də siyasi qüvvələr, liderlər, tərəfdarlar və ya iki hazırkı müxalifət fraksiyası ilə əlaqəli nümayəndələr - hamısı bu məsələ ilə bağlı aktiv danışıqlar aparıblar", - deyə Paşinyan vurğulayıb.

"Yaxşı, bəs onlar dəqiq hansı məsələ ətrafında danışıqlar aparırdılar?", - erməni baş nazir salona müraicət edib.

"Niyə Ermənistanı 24 il ərzində Azərbaycan gündəliyinə bağladılar və bu gündəliyi rəhbər tutdular? Doğrudanmı onlar özləri də Azərbaycana işləyirdilər və ya Azərbaycanın göstərişi ilə hərəkət edirdilər - xüsusən də bəzilərinin (Qarabağ klanı - Köçəryan, sarkisyan, Ohanyan və b.- red.) Azərbaycanda doğulub böyüdüklərini nəzərə alsaq? Mən bu məqamları bəzi müxalifət xadimlərimizin məntiqinin gətirə biləcəyi absurd nəticələri göstərmək üçün qeyd edirəm. Yeni Konstitusiyanın mətninə gəldikdə isə, biz onu yaxın aylarda dərc edəcəyik və artıq qeyd etdiyim kimi, yeni Konstitusiyada 1990-cı il tarixli İstiqlaliyyət Bəyannaməsinə istinad olmamalıdır. Nəyə görə? Çox sadə bir səbəbə görə: biz Qarabağ hərəkatını davam etdirmək əvəzinə, onu başa çatdırmağın zəruriliyini bəyan etdik və buna qərar verdik, - deyə o, sözlərinə əlavə edib.

Ermənistan hökumət başçısı daha sonra bildirib ki, əhali onun partiyasının siyasətini dəstəkləyib.

"Biz bu qərarı verdik və xalqımız da bunu dəstəklədi: yeni Konstitusiyada İstiqlal Bəyannaməsinə istinadın yer alması Qarabağ hərəkatının davamını və münaqişə məntiqinə qayıdışı ifadə edərdi. Bu isə, xüsusilə də xalqımızın sülhə səs verdiyi və sülh gündəliyinin artıq milli gündəliyə çevrildiyi 2026-cı il milli seçkilərindən sonra bizim edə bilməyəcəyimiz addımdır. Buna uyğun olaraq, Azərbaycanla əldə olunmuş sülhün qorunması, möhkəmləndirilməsi və institutsionalizasiyası hökumətin gündəliyində əsas prioritetdir", – deyə Paşinyan sözlərini bitirib.

Alparslan

D
demokrat.az