Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.“Prezident İlham Əliyevin Özbəkistana səfərini son 30 ilə yaxın müddətdə iki ölkə münasibətlərinin inkişafının mühüm və perspektivli yekun nöqtələrindən biri hesab etmək olar”.
Onun sözlərinə görə, bu 30 il ərzində iki ölkənin münasibətləri siyasi dialoqdan başlayaraq, İlham Əliyevin hakimiyyəti dövründə strateji tərəfdaşlığa, müttəfiqliyə və əbədi dostluğa doğru böyük yol keçib:
“Xüsusilə son 15–20 il ərzində Özbəkistan–Azərbaycan əməkdaşlığı mühüm yol xəritəsini xatırladır. Münasibətlər strateji tərəfdaşlıqdan və müttəfiqlikdən keçərək əbədi dostluğa qədər böyük yol gəlib. Bu gün bu əməkdaşlıq tarixi məzmun etibarilə çox zəngindir. İqtisadi, siyasi, nəqliyyat, logistika, ticarət, investisiya və mədəni-humanitar sahələrdə iki ölkənin əməkdaşlığı mühüm layihələrlə tənzimlənir. Artıq Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyətli dərəcədə strukturlaşdığını və institutlaşdığını söyləməyə ciddi əsaslar var. Dövlətlərarası Şura fəaliyyət göstərir və artıq bir neçə iclas keçirilib.
Regionlararası forumlar da fəaliyyət göstərir. Bu forumlar iki ölkənin regionları arasında iqtisadi, humanitar, turizm və investisiya əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Eyni zamanda, əbədi dostluq haqqında saziş imzalanıb. İki ölkə üçün böyük önəm daşıyan qarşılıqlı İnvestisiya Fondunun yaradılması ilə bağlı proses artıq başlayıb. Bəlkə də Azərbaycanın və Özbəkistanın xarici siyasətində ikinci elə bir ölkə tapmaq olmaz ki, Azərbaycan–Özbəkistan birgə İnvestisiya Fondu qədər məzmunlu yol keçmiş olsun. Onun yaradılması ilə bağlı qərarın verilməsindən qısa müddət keçməsinə baxmayaraq, artıq 500 milyonluq İnvestisiya Fondunun 100 milyondan artıq hissəsi konkret layihələr formasında hərəkətə gəlib”.
Aydın Quliyev əlavə edib ki, Azərbaycanın Özbəkistan üçün, Özbəkistanın isə Azərbaycan üçün nə qədər böyük geostrateji önəm daşıdığını bu səfər bir daha nümayiş etdirdi:
“Dünyada okeana çıxışı olmayan çox az sayda ölkələrdən biri olan Özbəkistan bu gün Azərbaycanla əməkdaşlığa böyük ehtiyac duyur. Azərbaycan üzərindən, Xəzər dənizi vasitəsilə Avropaya bağlanmaq Özbəkistan üçün olduqca böyük perspektivlər vəd edir. Eyni zamanda, Özbəkistanın geosiyasi mövqeyi Azərbaycan üçün Cənub-Şərqi Asiyaya və Çinə bağlantı yaratmaq baxımından əlverişli marşrutdur. Xüsusilə iqtisadi-investisiya sahəsində ölkələrin əməkdaşlığı yaxşı mənada qibtə doğuracaq səviyyədədir. İşğaldan azad olunmuş ərazilərimizdə Özbəkistan investisiyası və Özbəkistanın dəstəyi qürurverici səviyyədədir. Məktəblərin, yolların, tikiş fabrikinin tikintisi və digər layihələr Özbəkistan–Azərbaycan münasibətlərinin ərazilərin bərpası müstəvisində də nə qədər böyük nəticələrə malik olduğunu göstərir. Özbəkistan–Azərbaycan əməkdaşlığı həm regionda, həm də qlobal müstəvidə özünü daha böyük nəticələrlə nümayiş etdirəcək. Əsas məsələ odur ki, hər iki ölkənin dövlət başçısının birgə hərəkət üçün sınmayan iradəsi var. Hər iki ölkənin dövlət başçısının şəxsi diplomatiyası iki ölkənin imkanlarının birləşdirilməsində və əməkdaşlığın daha da inkişaf etdirilməsində böyük rol oynayacaq”.


