Şou-biznes Özəl

Türk aktrisa ilə atası arasındakı qalmaqalda qərar — Prokurorluq təqibə xitam verdi

Türk aktrisa ilə atası arasındakı qalmaqalda qərar — Prokurorluq təqibə xitam verdi

17 yaşlı türk aktrisa Ülkü Hilal Çiftçi ilə atası Ünal Çiftçi arasında yaranan və məhkəmə orqanlarına daşınan mübahisə ilə bağlı araşdırma başa çatıb. Anadolu Respublika Baş Prokurorluğu hər iki dosye üzrə təqibə xitam verilməsi barədə qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, Ünal Çiftçi qızının yetkinlik yaşına çatmadığı halda onun razılığı olmadan müxtəlif layihələrdə çalışdırıldığını və 27 yaşlı aktyorla emosional münasibətdə olduğunu iddia edərək şikayət etmişdi.

Ülkü Hilal Çiftçi isə prokurorluqda verdiyi ifadəsində bu iddiaları rədd edib. O, 12 ildir aktyorluq etdiyini və iştirak etdiyi layihələrdə valideynlərinin razılığının olduğunu bildirib. Gənc aktrisa iş yerində hər hansı pis rəftar və ya mobbinə məruz qalmadığını, rollarında da qeyri-etik məzmun olmadığını deyib.

Çiftçi atasının haqqında irəli sürdüyü münasibət iddiasını da təkzib edib. Onun sözlərinə görə, atasının adını çəkdiyi Hakan Çələbi sadəcə yaxın dostudur və ailəsi də onu tanıyır. Aktrisa atasının bu şikayəti valideynlərinin boşanma prosesi fonunda etdiyini düşündüyünü bildirib.

Araşdırma zamanı prokurorluq cinayət təqibinin başlanması üçün kifayət qədər sübut olmadığını müəyyən edib. Qızın valideyn razılığı olmadan işlədilməsi ilə bağlı iddianın isə əmək hüququ və xüsusi hüquq normaları çərçivəsində həll edilməli məsələ olduğu bildirilib.

Bundan başqa, Ülkü Hilal Çiftçinin menecerlik şirkəti də Ünal Çiftçi barədə "böhtan" ittihamı ilə şikayət etmişdi. Şirkət atasının əsassız iddialarla onların kommersiya nüfuzuna zərər vurduğunu irəli sürmüşdü.

Prokurorluq bu şikayətlə bağlı da cinayət tərkibinin yaranmadığı qənaətinə gəlib. Qərarda qeyd olunub ki, böhtan cinayətinin yaranması üçün şəxsin qarşı tərəfin həmin əməli törətmədiyini bildiyi halda onun barəsində araşdırma aparılması məqsədilə bilərəkdən cinayət isnadı irəli sürməsi tələb olunur.

Nəticədə Ünal Çiftçi barəsində təqibə xitam verilib. Prokurorluq həmçinin şəxsin şikayət etmək hüququnun Konstitusiya ilə qorunduğunu və yalnız bu hüquqdan istifadə etdiyinə görə araşdırma aparılmasının hüququn əsas prinsiplərinə zidd olacağını vurğulayıb.

Jalə Demokrat.az

D
demokrat.az