Sosial Özəl

"Pişiklərin müdafiəçiləri bu gün niyə ilanların öldürülməsinə qarşı da eyni həssaslıqla çıxış etmirlər?"

Pişiklərin müdafiəçiləri bu gün niyə ilanların öldürülməsinə qarşı da eyni həssaslıqla çıxış etmirlər?

Yay aylarında havaların isinməsi ilə ilanlarla qarşılaşma və ilan sancması hallarına daha çox rast gəlinir. Xüsusilə təbiətdə, kənd və bağ ərazilərində olan insanların bu risklə üzləşmə ehtimalı artır. İlan sancması bəzi hallarda ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Belə vəziyyətdə ilkin müdaxilənin düzgün aparılması isə həyati əhəmiyyət daşıyır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, Abşeron yarımadasında təxminən 30 il əvvəl kifayət qədər boş sahələr var idi və həmin ərazilərdə ilanlar, itlər, pişiklər və digər heyvanlar yaşayırdı:

“İndi isə həmin boş sahələrin böyük hissəsi zəbt olunub, tikililər və bağlar salınıb. Nəticədə vəhşi heyvanların, o cümlədən ilanların yaşayış arealı xeyli daralıb. Üstəlik, ilanlar göründüyü zaman çox vaxt öldürülür. İlanlar vəhşi təbiətin çox mühüm elementlərindən biridir. Onlar, xüsusilə, gəmiricilərin sayının tənzimlənməsində ciddi rol oynayırlar. Yəni ilanların ekosistemdə özünəməxsus funksiyası var. Digər tərəfdən, Zaqafqaziyada iki zəhərli ilan növü var ki, onların zəhərindən uzun müddətdir müxtəlif dərman preparatlarının hazırlanmasında istifadə olunur. Ona görə də hesab edirəm ki, ilanları kütləvi şəkildə öldürmək və onlarla bu formada mübarizə aparmaq təbiəti düzgün başa düşməməkdir. Maraqlıdır, pişiklərin müdafiəçiləri bu gün niyə ilanların öldürülməsinə qarşı da eyni həssaslıqla çıxış etmirlər? Axı onlar da canlıdır və vəhşi təbiətdə öz funksiyaları var. Xarici ölkələrdə ilanlar xüsusi mütəxəssislər tərəfindən tutulur və daha sonra yenidən vəhşi təbiətə buraxılır. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Boş sahələr zəbt olunur, insanlar özləri üçün bağlar salır, bağ evləri tikirlər və həmin ərazilərdə ilan görən kimi onu öldürürlər. Bəs ilanlar harada yaşamalıdır? Pişiklərin və sahibsiz itlərin, pişiklərin müdafiəsi ilə məşğul olan insanlar bu məsələyə də münasibət bildirməlidirlər. Hesab edirəm ki, heyvanlar ya vəhşi təbiətdə yaşamalıdır, ya da himayə olunmalıdır. Onları öldürmək, onlara zərər vermək və təbiətdən sıradan çıxarmaq olmaz. Çünki bu, ekosistemin bir zəncirini qoparmaq, ona zərər vurmaq deməkdir və bunun nəticəsi mütləq özünü göstərəcək”.

Həkim qeyd edib ki, sosial şəbəkələrə baxıram, ilanların öldürülməsi ilə bağlı görüntülər paylaşılır:

“Bu, tamamilə yolverilməzdir. Pişiklərə yem verən, sosial şəbəkələrdə heyvan müdafiəçisi kimi çıxış edən insanlar da bu məsələlərə diqqət yetirməlidirlər. Əgər pişikləri qorumaq istəyirlərsə, onları evlərinə aparıb saxlasınlar, baytar nəzarətindən keçirsinlər və normal şəkildə himayə etsinlər. Küçədə arıqlamış, parazitlərə yoluxmuş və ya xəstə heyvanın qarşısına sadəcə yem qoymaq isə məncə, özlüyündə humanizmdən xəbər vermir. Təəssüf ki, bu, bəzən təbiəti və ekosistemdəki tarazlığı düzgün başa düşməməyin nəticəsi olur”.

Qeyd edək ki, Neftçalanın Həsənabad qəsəbəsində C.Rövşəni gürzə ilanı sancıb. O, hadisədən sonra ilanı öldürüb, bundan sonra isə özünün halı pisləşib. Lakin ailəsi onu ilan sancmasından gec xəbər tutub. Nəticədə 1962-ci il təvəllüdlü kişinin həyatını xilas etmək olmayıb.

Fidan Hacızadə

D
demokrat.az