Məşhur müğənni Deniz Seki evində keçirdiyi qəza nəticəsində əməliyyat olunub və müalicəsini xəstəxanada davam etdirir.
Demokrat.az xəbər verir ki, sənətçi səhhəti ilə bağlı son vəziyyətini açıqlayaraq fizioterapiya prosesinə başladığını bildirib.
Deniz Seki xəstəxanadan izləyicilərinə müraciət edib. O, rəsmi "Instagram" hesabında paylaşdığı mesajda bunları qeyd edib:
"Halımı soruşan, zəng edən və maraqlanan o qədər çox insan var ki, buradan bir daha ürəyinizi rahatlatmaq istədim. Xəstəxana şəraitində olmaq və bu prosesi yaşamaq, əlbəttə, asan deyil. Amma mental olaraq özümü mümkün qədər pozitiv saxlamağa, yaxşı düşünməyə çalışıram".
İzləyicilərindən dualarını əsirgəməmələrini xahiş edən Seki mesajını belə davam etdirib:
"Ən qısa zamanda tam sağalıb ayağa qalxmağım və yenidən sizinlə görüşməyim üçün xoş arzularınızı və dualarınızı gözləyirəm. Hamınızı çox sevirəm. Yaxşı ki, varsınız".
Antalya konsertindən sonra evinə qayıdan 56 yaşlı Deniz Seki balkonunda itlərini bəslədiyi zaman qaranlıqda kondisionerin axıtdığı suyu görməyib. Ayağının sürüşməsi nəticəsində balkonundan yıxılan sənətçinin çanaq sümüyü sınıb, onurğası zədələnib.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən Seki ertəsi gün təcili əməliyyata alınıb. Hazırda onun müalicəsi davam edir və fizioterapiya prosesinə başlanılıb.

Jalə Demokrat.az


