Maraqlı Özəl

Pərdələr dəbdən düşür? — 2026-cı ildə pəncərələr üçün yeni trendlər

Pərdələr dəbdən düşür? — 2026-cı ildə pəncərələr üçün yeni trendlər

İnteryer dizaynında pərdələrin artıq dəbdən düşdüyü barədə fikirlər yayılsa da, mütəxəssislər bunun tam əksini düşünür. Dizaynerlərin sözlərinə görə, 2026-2027-ci illərdə əsas trend pərdələrdən imtina etmək deyil, onları məkanın xüsusiyyətlərinə və ev sahibinin ehtiyaclarına uyğun seçməkdir.

Demokrat.az-ın məlumatına görə, interyer dizayneri Tatyana Holovko bildirib ki, uzun müddət üstünlük təşkil edən minimalizm tədricən yerini daha emosional və fərdi dizayna verir. Bu səbəbdən tekstilin interyerdə yenidən ön plana çıxacağı gözlənilir.

Bununla belə, ağır qatlı pərdələr, lambrekenlər və məkanın üslubuna uyğun gəlməyən “teatr pərdələri” artıq köhnəlmiş görünə bilər. Dizaynerlər hesab edirlər ki, bəzi evlərdə tavandan döşəməyə qədər pərdələr, digərlərində isə Roma pərdələri, jalüzlər və ya rulon pərdələr daha uyğun seçimdir.

Pərdəyə alternativlər

Mütəxəssislər xüsusilə Roma pərdələrini müasir və universal seçim hesab edirlər. Onlar müxtəlif ölçülü pəncərələrə və otaqlara uyğunlaşdırıla bilər.

Yataq otağında isə işığın qarşısını maksimum almaq üçün blackout pərdələr və sıx rulon sistemlərindən istifadə etmək tövsiyə olunur. Burada əsas məqsəd yalnız şüşəni deyil, kənarlardan daxil olan işığı da bağlamaqdır.

Daha sərfəli variant axtaranlar üçün rulon pərdələr, daha bahalı və statuslu görünüş istəyənlər üçün isə taxta jalüzlər tövsiyə edilir.

Hansı pəncərə örtüklərindən uzaq durmaq lazımdır?

Dizaynerlər 2026-2027-ci illərdə bəzi seçimlərdən imtina etməyi məsləhət görürlər. Onların fikrincə, metal jalüzlər artıq əvvəlki populyarlığını itirib. Bu məhsulların tez sıradan çıxdığı və toz topladığı bildirilir.

“Gecə-gündüz” tipli rulon pərdələr də bəzi məkanlarda arzuolunmaz hesab olunur. Xüsusilə balkonlarda bu sistemlərin vizual qarışıqlıq yaratdığı və fasadın görünüşünü ucuzlaşdırdığı qeyd edilir.

Dizaynerlər vurğulayırlar ki, pəncərə üçün universal seçim yoxdur. Yataq otağında işıq keçirməyən rulon sistemləri, mətbəxdə isə nəmə davamlı rulon pərdələr və ya taxta görünüşlü suya davamlı jalüzlər daha praktik ola bilər.

Beləliklə, müasir interyerin əsas prinsipi konkret bir pərdə modelini dəbə uyğun seçmək deyil, pəncərə örtüyünü ev sahibinin həyat tərzinə, otağın funksiyasına və ümumi dizayna uyğunlaşdırmaqdır.

Jalə Demokrat.az

D
demokrat.az