Bakının Qaradağ rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları mənzildə baş verib. Qobustan rayon sakini, 1975-ci il təvəllüdlü Telman yaşadıqları evdə arvadı Şövkətlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla arvadının sifət nahiyəsinə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həmçinin əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərəri tamamilə ödədiyini deyib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Telmanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


