Moskva Şəhər Məhkəməsi Azərbaycan əsilli rusiyalı şoumen Timur Kərimovun (Timur Rodriges kimi tanınır) keçmiş həyat yoldaşı Anna Devoçkinaya qarşı aliment ödənişlərinin şərtlərinə, uşaqların yaşayış yerinə və onlarla ünsiyyət qaydasına yenidən baxılması ilə bağlı iddiasından imtinanı qanuni hesab edib.
Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
"İşlər üzrə Moskva Şəhər Məhkəməsinin Mülki Kollegiyası Moskvanın Presnenski Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli qərarını dəyişmədən saxlayıb. Həmin qərarla Timur Kərimovun Anna Devoçkinaya qarşı iddiasının təmin edilməsindən imtina olunub", deyə mətbuat xidmətindən bildirilib.
Yanvar ayında məhkəmə şoumenin keçmiş həyat yoldaşının saxlanılması üçün aliment ödənilməsi barədə sazişin ləğv edilməsi ilə bağlı iddiasını təmin edib.
Məlumata görə, şoumen bir ildən artıqdır övladları üçün ödədiyi alimentin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 min manat) endirilməsinə çalışır. Onun vəkili Sergey Jorin bildirib ki, hüquqşünaslar ödənişlərin azaldılması üçün mübarizəni davam etdirəcəklər.
“Biz aylıq ödənişin 500 min rubla endirilməsini istədik. Bu məbləğ Moskvada bir uşaq üçün yaşayış minimumunun təxminən 23 mislinə bərabərdir. Həmçinin biznes-klassla uçuş öhdəliyinə yenidən baxılmasını, digər əlavə xərclərin isə saxlanılmasını təklif etdik. Maraqlıdır ki, məhkəmə biznes-klassın ekonom-klassla əvəzlənməsinə belə razı olmadı. İclas zamanı valideynlərin uşaqları biznes-klassla uçmağa özlərinin alışdırdığı bildirildi", deyə vəkil bildirib.

Jalə Demokrat.az


