Bakının Sabunçu rayonunda iki dostun mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Şəhər şossesində baş verib.
Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Asim dostu və tanışı Hümbət (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Hümbətin onunla kobud danışmasından, ona qarşı nalayiq ifadələr işlətməsindən qəzəblənən Asim bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə bir dəfə Hümbətin üz nahiyəsindən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Zərərçəkmiş də ifadəsində onun dediklərini təsdiqləyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib.


