Dünən gecə İsrail Hərbi Hava Qüvvələrinə aid F-35 qırıcıları İdlib yaxınlığındakı aviabazaya zərbələr endiriblər.
Demokrat.az xəbər verir ki, İsrail mediası dərhal məsələni öz maraqlarına uyğun şərh edərək, burada Türkiyənin yerləşəcəyini iddia edib.
İsrail mediasının hərbi mənbələrə istinadən verdiyi məlumatlar Türkiyə tərəfindən təkzib edilib.
Türkiyə MN-dən bildirilib ki, ölkə ordusunun adıçəkilən aerodromda baza yerləşdirmək barədə heç bir planı yoxdur.
“Zatən İsrail öz aqressiv siyasətini heç bir əsası olmayan iddialar üzərindən qurur və müxtəlif bəhanələr altında ətrafına hücum edir. Sərhədlərimizin yaxınlığına endirilən zərbəyə gətirdikləri bəhanə də digərləri kimi əsassızdır”, - Türkiyə MN-nin mətbuat xidmətinin bəyanatında deyilir.
Xatırladırıq ki, bir neçə gün öncə Qətərin “Al-Jazeera” telekanalına geniş müsahibə verən Türkiyə Prezidenti Ərdoğan Yaxın Şərqdə gedən proseslərə münasibət bildirərkən İsrailin aqressiv siyasətini sərt tənqid etmişdi və əlavə etmişdi ki, əgər Türkiyəni öz maraqlarının təminatı məsələsində müharibə seçimi qarşısında qoysalar, ölkəsi bundan çəkinməyəcək və dövlət, millət maraqlarını rəhbər tutaraq savaşa girəcək.


