Siyasət Özəl

Rusiyada böhran dərinləşir, Azərbaycanı günahkar göstərməyə çalışırlar — Elçin Xalidbəyli

Rusiyada böhran dərinləşir, Azərbaycanı günahkar göstərməyə çalışırlar — Elçin Xalidbəyli

“Rusiya hazırda olduqca ağır durumdadır. Rusiyada heç bir şey normal, doğru, hüquqi istiqamətdə inkişaf etmir. Əksinə, Rusiya çöküş mərhələsinə qədəm qoyub. Ölkədə maliyyə-iqtisadi və siyasi-ictimai böhran artıq dərinləşməyə başlayıb. Ona görə də Rusiya kimi ölkələrin cəmiyyətlərində ölkədə böhran olan hallarda adətən hansısa düşmən axtarışları başlayır. Bunların sırasına da Azərbaycanı daxil ediblər. Və ümumiyyətlə, hazırda Rusiyanın siyasi dairələri və təbliğatçı çevrələri bütün dünyanı Rusiyaya düşmən kimi qələmə verirlər. Azərbaycan da istisna deyil. Azərbaycanı da düşmənlərin sırasındaymış kimi göstərməyə çalışırlar”.

Bu fikirləri Demokrat.az -a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, üzdə dostluqdan, yəni rəsmi istiqamət üzrə normal münasibətlərdən, iqtisadi-ticari əlaqələrdən danışırlar, ancaq Rusiya təbliğatçıları Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər və artıq məsələ sadəcə tənqid və yaxud da narazılıq çərçivəsindən çıxıb, Azərbaycana qarşı qərəz və böhtan yönləndirirlər:

“Bu da onu göstərir ki, Rusiya cəmiyyətinə problemin Rusiyanın daxilində deyil, kənarda olduğunu göstərmək niyyəti güdürlər. Bir azca məntiqi olan adamlar anlayır ki, Rusiyanın bugünkü problemlərində Azərbaycanın heç bir təsiri, heç bir rolu yoxdur. Rusiyada baş verən bütün neqativ proseslərin müəllifi məhz Kremldə olanlardır. Bu barədə düşünməlidirlər, problemləri həll etməlidirlər. Problemlərin üzərini örtərək kənarda günahkar axtarmaq vərdişləri hazırda Rusiyanın xeyrinə deyil, əksinə, Rusiya üçün daha böyük problemlər yarada bilər.

Yəni bu, son vaxtlar adi proses rolunu oynayır. Rusiyada bəzi çevrələr postsovet ölkələrini hələ də Rusiyanın nəzarətində olan bölgələr kimi qəbul etmək vərdişində qalıblar. Halbuki unudurlar ki, artıq bu ölkələrin böyük əksəriyyəti Rusiyadan ciddi şəkildə uzaqlaşıb. Azərbaycan da Rusiyadan uzaqlaşmış, yəni uzaqlaşmaqda olan deyil, artıq uzaqlaşmış ölkələrin sırasındadır.

Hətta Azərbaycan Rusiya üçün əlçatmaz bir ölkədir. Rusiyanın nə iqtisadiyyatı, nə siyasəti, nə təhlükəsizlik sistemi, nə də hər hansı başqa bir sahəsi Azərbaycanda asılı vəziyyətdə deyil. Və Rusiyadakıları, yəni Kremldə olanları qəzəbləndirən əsas faktorlardan biri də budur ki, Kremlin Azərbaycana hər hansı bir təzyiq faktoru, təzyiq mexanizmi qalmayıb.

Yalnız bir o ola bilər ki, Ukraynaya qarşı necə işğalçılıq siyasəti yürüdürlərsə, digər postsovet ölkələrinə, o cümlədən Azərbaycana qarşı da belə addımlar ata bilərlər. Başqa hər hansı bir təsir, təzyiq mexanizmi yoxdur. Ona görə də qıcıqlanırlar, əsəbləşirlər və daxili problemlərini də məhz artıq Rusiyanın təsirində, nəzarətində olmayan ölkələrin üzərinə yıxmağa çalışırlar”, - deyə politoloq fikrini tamamlayıb.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev adlı üç Rusiya vətəndaşı barəsində cinayət işi üzrə istintaq aparır. İstintaqa əsasən, onlar iyulun 14-də yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün parçalanmasına və milli nifrətə yönələn çağırışlar səsləndiriblər.

Müzakirə zamanı Azərbaycan hakimiyyətinə qarşı müxtəlif zorakı ssenarilər sadalanır. Bunların arasında Azərbaycan hakimiyyətinin dəyişdirilməsi, ölkənin parçalanması, vətəndaş müharibəsinə sürüklənməsi kimi variantlar önə çəkilir. Daha sonra müzakirədə Xəzər donanmasının gücləndirilməsi, Cənubi Dağıstan istiqamətində hərbi imkanların artırılması, Xəzər regionunda pilotsuz sistemlərin gücləndirilməsi və "Bakıya desant əməliyyatı" kimi hərbi ssenari də səsləndirilir. Məhz bu cür ifadələr siyasi tənqid sərhədini aşaraq zorakı fəaliyyətə çağırış olduğu üçün hüquqi qiymətləndirmə predmeti yaradır.

Nuray Paşşanlı

D
demokrat.az