Cəmiyyət Özəl

Bəxti qoruyan görünməz qüvvə var? — İlahiyyatçı açıqladı

Bəxti qoruyan görünməz qüvvə var? — İlahiyyatçı açıqladı

Cəmiyyətdə “qaraçuxası yatıb”, “qaraçuxası oyaqdır” kimi ifadələr geniş işlədilsə də, bu anlayışın İslam dinində hər hansı dini əsası varmı? İnsanların bəxti və taleyi həqiqətən görünməz bir qüvvə ilə əlaqələndirilə bilərmi? İlahiyyatçı Yaşar Qurbanov bu məsələyə aydınlıq gətirib.

O, Demokrat.az-a açıqlamasında bildirib ki, İslamda “Qaraçuxa” adlı anlayış yoxdur və bu ifadələr dini mənbələrə deyil, batil inanclara əsaslanır.

“Birinci, dinimizdə Qaraçuxa deyilən bir şey yoxdur. ‘Qaraçuxası yatıb’, ‘qaraçuxası oyaqdır’ kimi ifadələr batil inancdır”, – deyə ilahiyyatçı söyləyib.

Onun sözlərinə görə, bəzi yerlərdə “Qaraçuxa” anlayışı cadu və cadugərliklə əlaqələndirilir. Belə hallarda insanların bəxtinin bağlanması və ya taleyinə hansısa görünməz qüvvənin təsir etməsi kimi fikirlər irəli sürülür.

Yaşar Qurbanov qeyd edib ki, İslamda cadu və falçılıqla məşğul olmaq qadağan edilən əməllər sırasındadır.

“Əgər burada cadu nəzərdə tutulursa, cadugərlik dinimizdə onsuz da qadağandır. Amma ‘Qaraçuxa’ məsələsi yoxdur. İnsanın bəxtinin və taleyinin görünməz qüvvələrlə əlaqəli olması barədə dinimizdə belə bir anlayış yoxdur”, – ekspert vurğulayıb.

Qurbanovun sözlərinə görə, falçı və cadugərlərin yanına getmək, onların söylədiklərini təsdiqləmək də İslam baxımından ciddi şəkildə pislənən əməllərdəndir.

Ekspert bu məsələyə münasibətdə Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 102-ci ayəsinə diqqət çəkib. Həmin ayədə sehrdən bəhs edilir və insanların sehr vasitəsilə ər-arvad arasına ayrılıq salmağa çalışdıqları qeyd olunur. Ayədə həmçinin sehrin Allahın izni olmadan heç kimə zərər verə bilməyəcəyi bildirilir.

“Peyğəmbərimiz buyurur ki, kim cadugərin və ya falçının yanına gedər və onun dediyini təsdiqləyərsə, Məhəmməd peyğəmbərə nazil edilmiş Qurana küfr etmiş olar”, – deyə Yaşar Qurbanov bildirib.

Din eksperti hesab edir ki, “Qaraçuxa” anlayışının dini termin kimi təqdim edilməsi düzgün deyil. Onun fikrincə, bu ifadə xalq arasında formalaşmış batil inanclardan biridir və İslamın əsas mənbələrində insanın bəxtini qoruyan və ya onun taleyinə təsir edən “Qaraçuxa” adlı görünməz varlıqdan bəhs edilmir.

“Belə bir şey yoxdur. Bu, insanların özlərinin uydurduğu və ya bəzi hallarda cadugər və falçıların yaydığı bir inancdır”, – Yaşar Qurbanov fikrini tamamlayıb.

Jalə

D
demokrat.az