Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Vikimedia Azərbaycan” tərəfindən 12–16 avqust 2026-cı il tarixlərində təşkil olunan “Viki Mingəçeviri sevir” layihəsi çərçivəsində innovativ alət təqdim olunub.
Vikipediya məqalələrinin redaktə prosesini daha müasir, sürətli və rahat etmək məqsədilə “WikiProof” adlı brauzer əlavəsi hazırlanıb. Süni intellekt dəstəkli alət seçilmiş mətn hissələrində dil, üslub, orfoqrafiya və punktuasiya ilə bağlı çatışmazlıqları müəyyənləşdirərək istifadəçiyə redaktə təklifləri verir.
Alət “Gemini” və “OpenAI” platformalarının uyğun süni intellekt modellərini dəstəkləyir. İstifadəçilər ehtiyaclarına uyğun modeli seçərək mətnin yoxlanılması və redaktə təkliflərinin hazırlanması üçün istifadə edə bilərlər.
“WikiProof”un diqqətçəkən üstünlüyü dəyişiklikləri aydın və müqayisəli şəkildə təqdim etməsidir. İstifadəçi hazırkı mətnlə təklif olunan variant arasındakı fərqləri dərhal görür, düzəlişi bir kliklə tətbiq edə, yaxud mətni olduğu kimi saxlaya bilir. Bu isə həm yeni başlayanlar, həm də təcrübəli Vikipediya redaktorları üçün redaktə prosesini nəzərəçarpacaq dərəcədə sadələşdirir. Alət həmçinin Vikipediyaya məxsus keçidlərin, istinadların, şablonların və digər mühüm mətn elementlərinin qorunmasına xüsusi diqqət yetirir.
Sözügedən süni intellekt alətinin müəllifi Azərbaycanca Vikipediyanın inzibatçısı Toğrul Rəhimlidir. Alətin yaxın zamanda “Chrome Web Store” platformasında yerləşdirilməsi planlaşdırılır.



