Maraqlı Özəl

Yuxudan oyananda hərəkət edə bilməməyin əsl səbəbi açıqlandı

Yuxudan oyananda hərəkət edə bilməməyin əsl səbəbi açıqlandı

İnsan bəzən yuxudan oyandığını hiss etsə də, qısa müddət ərzində hərəkət edə və danışa bilmir.

Somnoloq Sofiya Çerkasovanın sözlərinə görə, bu vəziyyət şüurun bədəndən əvvəl oyanması nəticəsində yaranan yuxu iflici ilə əlaqəlidir.

Onun izahına əsasən, sürətli göz hərəkətləri (REM) mərhələsində beyin yuxu zamanı edilən hərəkətlərin real həyatda təkrarlanmaması üçün əzələlərin fəaliyyətini müvəqqəti məhdudlaşdırır. Bəzi hallarda isə şüur oyanır, lakin əzələlərin fəaliyyəti hələ yuxu vəziyyətində qalır. Nəticədə insan ətrafında baş verənləri dərk etsə də, bir müddət danışa və hərəkət edə bilmir.

Yuxu iflici zamanı bəzi insanlarda qorxulu hisslər və hallüsinasiyalar da yarana bilər. Məsələn, insana otaqda kiminsə olduğu və ya sinəsinə ağırlıq düşdüyü kimi gələ bilər.

Mütəxəssis bildirib ki, bu vəziyyətin yaranmasına əsasən yuxusuzluq, yuxu rejiminin pozulması, stress, saat qurşağının dəyişməsi və arxası üstə yatmaq kimi amillər təsir göstərir. Bununla belə, yuxu iflici əksər hallarda insanın fiziki sağlamlığı üçün təhlükəli hesab edilmir.

Belə vəziyyət baş verdikdə bütün bədəni hərəkət etdirməyə çalışmaq əvəzinə nəfəsə fokuslanmaq və kiçik əzələ qruplarını hərəkət etdirməyə cəhd göstərmək tövsiyə olunur. Barmağı, dili və ya gözləri tərpətməyə çalışmaq yuxu iflicindən daha tez çıxmağa kömək edə bilər.

Vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün isə yuxu rejiminə riayət etmək, kifayət qədər istirahət etmək və güclü stressdən uzaq durmaq məsləhət görülür. Demokrat.az

D
demokrat.az