“Azərbaycan Prezidentinin Naxçıvana səfəri şəhər üçün böyük və strateji əhəmiyyət daşıyır. Çünki Naxçıvan Azərbaycanın əsas və ən önəmli coğrafi məkanlarından biridir. Həm İranla, həm də Ermənistanla sərhədləri mövcuddur və eyni zamanda anklav xarakteri daşıyır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq qeyd edib ki, belə bir coğrafi məkana rəsmi Bakının xüsusi diqqət yetirməsi böyük əhəmiyyət daşıyır:
“Bu o deməkdir ki, rəsmi Bakı Naxçıvanın inkişafında və yeni mərhələyə qədəm qoymasında birbaşa maraqlıdır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Naxçıvana səfər edərək bu regionda əhalinin, eləcə də bütövlükdə şəhərin inkişaf perspektivlərinin yüksəldilməsi üçün qətiyyətli addımların atılmasına üstünlük verir. Məlum olur ki, yaxın gələcəkdə Naxçıvan yeni inkişaf mərhələsinə keçid edəcək və həm məşğulluğun, həm sosial-iqtisadi həyatın yüksəldilməsi, həm də insanların, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması daha intensiv xarakter daşıyacaq. Azərbaycan Prezidentinin Naxçıvana ayırdığı maliyyə vəsaiti də Naxçıvanla bağlı olduqca önəmli qərarların və inkişaf planlarının olduğunu göstərir”.
Elçin Xalidbəyli bildirib ki, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda yeni komanda qüvvələrinin yaradılması prosesində də iştirak edib:
“Bu da o deməkdir ki, rəsmi Bakı Naxçıvanın hərbi təhlükəsizlik sisteminin gücləndirilməsi məsələsinə də xüsusi diqqət yetirir. Şəhərin təhlükəsizliyinin təmin olunması hazırda rəsmi Bakının əsas müdafiə prioritetləri sırasına daxildir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti Naxçıvanı yeni inkişaf mərhələsinə keçirməyə yönəlmiş addımları intensiv şəkildə davam etdirir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərdədir. Səfər çərçivəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, enerji, nəqliyyat, infrastruktur, turizm və digər sahələr üzrə həyata keçirilən layihələrə diqqət yetirilib.


