Kəlbəcər rayonunda şirkətlərdən birinin mühafizəçiləri arasında dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kəlbəcər rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən qapalı səhmdar cəmiyyətinin istehsalat düşərgəsinin nəzarət-buraxılış məntəqəsindəki gözətçi otağında baş verib.
Siyəzən rayon sakini, 1989-cu il təvəllüdlü Malik orada iş yoldaşı Dəniz ilə birlikdə olarkən, aralarında əvvəllər hər hansı ədavət və ya münaqişə olmamasına baxmayaraq, sonuncunun zarafatlarını əsassız olaraq aqressiv qəbul edib. Malik iş yoldaşına “uşaqsan”, “yekəbaşsan” kimi ifadələr işlədib və onların mübahisəsi daha da şiddətlənib.
Bu zaman o, münaqişəni qəsdən gərginləşdirərək Dənizə qarşı zor tətbiq edəcəyini bildirib və xuliqanlıq niyyəti ilə əvvəlcə sağ əli ilə onun sol çənə nahiyəsinə yumruqla zərbə vurub. Daha sonra isə ikinci dəfə onun sifət nahiyəsinə yumruqla zərbə endirib.
Malikin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Malik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Dəniz ilə birlikdə cəmiyyətdə mühafizəçi vəzifəsində işləyib:
“Dənizlə dostluq münasibətlərim olub. Hadisə baş verən gün mən də, Dəniz də oruclu olmuşuq. Orucun ilk günləri olduğundan əsəbi olmuşuq. Dəniz mənim özüm ilə bağlı zarafat etdi. Mən isə zarafat qəbul edən adam olmadığımdan Dənizin üz nahiyəsinə əvvəlcə yüngül zərbə endirdim. Daha sonra Dənizin müqavimət göstərdiyini gördüm və ikinci dəfə ona yumruq zərbəsi vurdum. Bundan sonra digər iş yoldaşım olan Nihad otağa daxil oldu və Dənizi sakitləşdirdi. Mən isə çölə çıxdım ki, özüm sakitləşim. Dəniz xəstəxanaya getdikdən sonra bildim ki, onun çənəsi sınıb”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Dənizlə birgə Bakı şəhərinə gedib və “Biləcəri dairəsi” adlanan ərazidə onunla ayrılıb:
“Dəniz Quba rayonuna gedəcəyini və orada müalicə olunacağını bildirdi. Mən onun sağlamlığına vurduğum zərərə görə müalicəsi üçün əvvəlcə 300 manat, sonradan 900 manat pul ödəmişəm. Təxminən bir ay sonra Dəniz yenidən işə qayıtdı. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişəm”.
Malik ifadəsinin sonunda Vətən müharibəsində iştirak etdiyini, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu deyib.
Kəlbəcər Rayon Məhkəməsinin hökmü ilə Malik 1 il 4 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub.
Bundan əlavə, ona bu müddət ərzində Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulub.
Həmçinin ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.


