Badımcanla fərqli təam hazırlamaq istəyənlər üçün sadə və ləzzətli resept təqdim edirik.
Demokrat.az xəbər verir ki, qurudulmuş pomidor və mozzarella pendiri ilə hazırlanan bu badımcan həm qəlyanaltı, həm də əsas yemək kimi süfrəyə verilə bilər.
Lazım olan ərzaqlar:
* 2 ədəd iri badımcan * 200 qram mozzarella pendiri * 8–10 ədəd qurudulmuş pomidor * 3 xörək qaşığı zeytun yağı * 1 çay qaşığı duz
Pane üçün:
* 1 stəkan un * 2 yumurta * 1 stəkan panko * Yarım stəkan suxarı * Yarım çay qaşığı duz
Hazırlanması:
Badımcanları uzununa təxminən 1 santimetr qalınlığında doğrayın. Soba sinisinə düzərək üzərinə zeytun yağı və duz əlavə edin.
Əvvəlcədən 190 dərəcəyədək qızdırılmış sobada badımcanları yumşalıb rahat qatlananadək bişirin. Sobadan çıxardıqdan sonra bir neçə dəqiqə soyumasını gözləyin.
Qurudulmuş pomidor və mozzarella pendirinin artıq nəmini kağız dəsmalla alın. Hər badımcan diliminin üzərinə pomidor və pendir qoyub digər hissəsini üzərinə qatlayın.
Pane üçün üç ayrı qab hazırlayın. Birinə un, digərinə duzla çalınmış yumurta, üçüncüsünə isə panko və suxarı tökün. Badımcanları əvvəl una, sonra yumurtaya, sonda isə panko qarışığına bulayın.
Hazırladığınız badımcanları isti yağda hər iki tərəfi qızılı rəng alana qədər qızardın. Daha sonra kağız dəsmalın üzərinə qoyaraq artıq yağını süzdürün.
Badımcanları bir neçə dəqiqə saxladıqdan sonra isti halda süfrəyə verin. Yanında təzə reyhan və ya roka ilə təqdim edə bilərsiniz.
Jalə Demokrat.az


