Kriminal Özəl

Qayınatası 51 yaşlı kişini polisə verdi — "Qızımı döyüb..."

Qayınatası 51 yaşlı kişini polisə verdi — Qızımı döyüb...

Hacıqabul rayonunda 51 yaşlı kişi arvadına şiddət göstərib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Ərəstun yaşadıqları evdə arvadı Ramilə (adlar şərtdir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Aralarında yaranmış münaqişə zamanı sərxoş vəziyyətdə qəsdən yumruqla arvadının sifət-ağız nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

İş üzrə izahat verən Ərəstun bildirib ki, zərərçəkmiş Ramilə onun həyat yoldaşıdır, onunla 2001-ci ildən ailə həyatı qurub, birgə nikahından 3 övladı var:

“Övladlarımdan biri – qız övladım ailəlidir və bizdən ayrı yaşayır. Digər böyük oğlum Amid Rusiya Federasiyasında Amur rayonunda işləyir. Kiçik oğlum Ruslan isə bizimlə eyni ünvanda yaşayır. Özüm spirtli içki aludəçisiyəm, tez-tez içki qəbul edərək evə gəlirəm. Ramilə də içkili olduğum üçün mənə irad bildirdiyindən aramızda mübahisə və münaqişə yarandı”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 14 radələrində evə içkili halda gəlib:

“Ramilə içkili gəldiyim üçün irad bildirdi. Bu zaman əsəbiləşərək yataq otağının giriş qapısında onun ağız nahiyəsinə bir dəfə yumruqla vurdum. Həmin gün Ramilə şikayət etməsə də, növbəti gün atasına vurmağımı dediyi üçün o da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat verdi. Dava-dalaş zamanı evdə Ramilə ilə özüm tək olmuşam”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş ifadəsində əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az