Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqdə təhlükəsizlik arxitekturası və regionda mümkün yeni güc balansı ilə bağlı müzakirələri artırıb. Tərəflərdən birinə qarşı silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilməsini nəzərdə tutan sazişin hansı məqsədlərə xidmət etdiyi, xüsusilə İranla bağlı regional gərginlik fonunda gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi diqqət çəkir.
Bəs bu sazişi regionda yeni güc balansının formalaşması baxımından necə qiymətləndirmək olar? “Məkkə Paktı”na gələcəkdə Azərbaycanın, daha sonra isə digər türk dövlətlərinin qoşulması mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, “Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilibsə, bu, müdafiə paktıdır.
Onun sözlərinə görə, məsələn, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyəni deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir:
“Tərəflər sazişin İrana qarşı olmadığını deyirlər. Bununla belə, sazişin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması suallar yaradır. İranın dəstəklədiyi proksi qüvvələrdən olan Yəmən Husiləri son günlər Səudiyyə Ərəbistanına ardıcıl zərbələr endirir. Məsələn, Husilər öncə PUA-larla Səudiyyə Ərəbistanının Nəcran hava limanına zərbə endirib. Bundan başqa, neft tankerini ballistik raketlərlə vurublar. Bu, Husilərin iyulun 22-dən bəri hədəfə aldıqları səkkizinci neft tankeridir.
“Guardian” nəşri Səudiyyə Ərəbistanının Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb.
Əlbəttə, Husiləri İran dəstəkləsə də, bu, indiki məqamda “Məkkə sazişi” ölkələrinin İrana müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyi yenidən hərbi kontekstdə alovlanarsa və rəsmi Tehran ABŞ-ın regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünü İrana müdaxiləyə məcbur edə bilər.
Belə ki, İran NATO üzvlüyünü nəzərə alaraq Türkiyəyə zərbələr endirməsə də, Səudiyyə Ərəbistanına və Pakistana zərbələr endirə bilər. Bu isə faktiki olaraq “Məkkə sazişi” ölkələrinə hücum kimi qiymətləndirilərək İrana cavab zərbəsi və vəziyyətdən asılı olaraq müdaxilə imkanı yarada bilər.
“Məkkə sazişi” indiki məqamda üzv ölkələrə xarici təhdidlərə qarşı çəkindirmə məqsədi daşısa da, uzun perspektivdə riskləri özündə ehtiva edir. Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İrana müdaxilə üçün dəstəkçi ölkələr qazandırır”.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi imzalanıb. Saziş tərəflər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini, birgə çəkindirmə imkanlarının artırılmasını nəzərdə tutur. Sənədin əsas müddəalarından birinə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.
Sazişin konkret olaraq hər hansı ölkəyə qarşı yönəlmədiyi və sırf müdafiə xarakteri daşıdığı bildirilib. Eyni zamanda, razılaşmanın mövcud ikitərəfli və çoxtərəfli təhlükəsizlik mexanizmlərini əvəz etmədiyi qeyd olunur. Türkiyə rəsmiləri sənədi kollektiv çəkindirmənin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndiriblər”, - deyə politoloq fikrini tamamlayıb.


