Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırmada yeni təfərrüatlar üzə çıxıb.
Demokrat.az xəbər verir ki, dərnəyin hesabındakı 44 milyon lirənin əvvəlcə 1 milyon dollara, daha sonra isə qızıla çevrilməsi ilə bağlı idarə heyətinin qərarları araşdırılır.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məlum olub ki, 14 yanvar 2026-cı ildə keçirilən iclasda dərnəyin bank hesabında olan 44 milyon lirənin inflyasiya səbəbindən dəyər itirməsinin qarşısını almaq məqsədilə qızıla çevrilməsinə qərar verilib. Bunun üçün pulun əvvəlcə ABŞ dollarına dəyişdirilməsi nəzərdə tutulub.
Həmin qərara əsasən, valyuta dəyişmə məntəqəsindən alınacaq 1 milyon dolların fiziki şəkildə təhvil alınması üçün müğənni və “Ahbap”ın qurucusu Haluk Levent səlahiyyətləndirilib.
İki gün sonra, yanvarın 16-da isə idarə heyəti 1 milyon dollarla qızıl alınmasına qərar verib. Qızılın mağazadan təhvil alınması da Leventə həvalə olunub. Alınan qızılın bankdakı kirayə seyfdə saxlanılması qərara alınıb və seyfin açarı da ona verilib.
Sənədlərə görə, yanvarın 14-də dərnəyin hesabından valyuta dəyişmə məntəqəsinə 44 milyon lirə köçürülüb. Ödənişin açıqlama hissəsində “Qəzza üçün nağd şəkildə alınan 1 milyon ABŞ dolları ödənişi” ifadəsinin yazıldığı bildirilir.
Lakin araşdırma zamanı ən diqqətçəkən məqam seyfin açılması zamanı ortaya çıxıb. Avqustun 6-da polis əməkdaşı, zərgər ekspert və dərnəyin əmlakının idarə olunmasına təyin edilmiş iki vəkilin iştirakı ilə seyf açılıb.
Seyfdə 44 milyon lirədən 1 milyon dollara, daha sonra isə fiziki qızıla çevrildiyi bildirilən aktivlər aşkar edilməyib. Seyfdən yalnız dərmanlar, vitamin həbləri və bir kitab çıxıb.
Hazırda istintaq çərçivəsində 44 milyon lirənin, həmin vəsaitlə alındığı deyilən 1 milyon dolların və bu məbləğ qarşılığında əldə edildiyi bildirilən fiziki qızılın sonrakı taleyi araşdırılır.



Jalə Demokrat.az


