Mədəniyyət Özəl

İçərişəhərdəki görüntülər narahatlıq yaratdı — Açıqlama

İçərişəhərdəki görüntülər narahatlıq yaratdı — Açıqlama

Bakının turistik məkanlarında, xüsusilə İçərişəhər divarlarında müxtəlif yazı və işarələrə rast gəlinir. Bəzi küçələrdə tarixi tikililərin üzərinə xüsusi hərflər, sözlər və digər qeydlərin yazılması abidələrin görünüşünə xələl gətirməklə yanaşı, onların qorunması ilə bağlı narahatlıq yaradır.

Demokrat.az-a məsələ ilə bağlı danışan beynəlxalq təbiət qoruqları və təbiəti mühafizə əraziləri üzrə komissiyanın üzvü Əlheydər Məmmədov bildirib ki, birinci növbədə, divarların yazılmasında məsuliyyəti “İçərişəhər” Qoruğu daşıyır:

““İçərişəhər” Qoruğunun icazəsi olmadan heç kim oradakı divara bir dənə mismar belə vura bilməz. Bunun qarşısını almaq üçün isə ilk növbədə maarifləndirici tədbirlər görülməlidir. Məsələn, divarlarda yazı yazan turistlərin müəyyən məbləğdə cərimələnəcəyi barədə plakatlar yerləşdirilə bilər. Bu məlumatlar rus, ingilis və digər xarici dillərdə yazılmalıdır. İnsanlar bu qaydaları əvvəlcədən görsələr, düşünürəm ki, divarlara yazı yazmaq hallarının da qarşısını almaq mümkün olar.

Bundan əlavə, İçərişəhərdə kifayət qədər mühafizəçi var. Divarlara yazı yazılan yerlər də konkret ərazilərdir, bu hal bütün ərazidə baş vermir. Həmin nöqtələrdə mühafizəçilərin nəzarətini gücləndirmək, qaydanı pozan şəxsləri cərimələmək mümkündür. Əsas məsələ tarixi ərazinin qorunmasıdır”.

Əlheydər Məmmədovun fikrincə, divarlarda artıq yazılmış yazılar da mümkün olduğu halda təmizlənməli, yuyulmalı və əvvəlki vəziyyətinə qaytarılmalıdır:

“Tarixi abidələrin üzərində bu cür yazıların qalması yolverilməzdir.

Ümumiyyətlə, İçərişəhərdə tarixi baxımdan çox mühüm olan bir sıra əşyalar və abidələr var. Məsələn, Şah İsmayıl dövründən qalan səfəvilərə aid mancanaqlar var. Həmin tarixi nümunələrin bəzilərinin çürüyüb getdiyi görünür. Eyni vəziyyəti toplarla bağlı da müşahidə etmək mümkündür. Yağışın və suyun təsiri altında qalan bu tarixi əşyalar qorunmalı və bərpa edilməlidir. Bunlar bizim tariximizdir və qorunub gələcək nəsillərə çatdırılmalıdır. Halbuki İçərişəhərdə restoranların sayı günü-gündən artır. Tarixi abidələrin və əşyaların qorunması və bərpası isə ən azı bu qədər diqqət tələb edir”.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindənbildirilib ki,tarixi binalarla bağlı neqativ hal aradan qaldırılıb:

“Son günlər İçərişəhərin müəyyən hissəsində turistlər və gənclər tərəfindən divar üzərində müxtəlif xatirə yazılarının yazılması ilə bağlı fikirlər səsləndirilir.

Qeyd edək ki, yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur.

Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ “art wall” - xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür.

Bununla yanaşı, tarixi abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır.

Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb.

Məqsədimiz həm İçərişəhərin tarixi simasını qorumaq, həm də onu gənclərin və turistlərin özünü rahat hiss etdiyi canlı şəhər məkanı kimi yaşatmaqdır”.

Fidan Hacızadə

D
demokrat.az