Yaponiyalı 26 yaşlı sosial media fenomeni Mina Çanın ölümü K-pop dünyasında böyük sarsıntı yaradıb. Cənubi Koreyada yaşayan və məşhur “Enhypen” qrupuna həsr olunmuş fan hesabı idarə edən gənc qadının ölümündən əvvəl bəzi pərəstişkarların hədəfinə çevrildiyi məlum olub.
Demokrat.az xəbər verir ki, “Yonhap”ın məlumatına görə, avqustun 5-də səhər saat 05:33-də polis 20-li yaşlarında olan yaponiyalı fenomenin sosial media platformasında canlı yayım zamanı özünə xəsarət yetirməyə çalışdığı barədə məlumat alıb. Daha sonra gənc qadının öldüyü ailəsi tərəfindən təsdiqlənib.
Mina Çan “Enhypen” qrupunun üzvlərindən Ni-Kinin böyük pərəstişkarı kimi tanınırdı. Lakin qrupun ABŞ-dakı konsertlərindən biri zamanı etdiyi hərəkət K-pop pərəstişkarları arasında mübahisəyə səbəb olub.
Məlumata görə, Mina qrup üzvlərindən Sunoodan Ni-Kiyə çiçək çatdırmasını istəyib. Bundan sonra bəzi pərəstişkarlar onu qrupun, xüsusilə də Ni-Kinin diqqətini özünə cəlb etməyə çalışmaqda ittiham ediblər. Sosial şəbəkələrdə ona qarşı reaksiyalar getdikcə artıb.
Mübahisələrin böyüdüyü dövrdə Ni-Kinin pərəstişkarlarla bağlı podkast proqramında söylədiyi fikirlər də yenidən müzakirə olunmağa başlayıb.
Müğənni konkret olaraq heç bir pərəstişkarın adını çəkmədən bəzi insanların konsertlər zamanı musiqidən daha çox sənətçilərin diqqətini cəlb etməyə çalışdığını bildirib. O, bəzi pərəstişkarların “həqiqətən onların diqqətini çəkmək istədiyini” deyib.
Mina Çanın adı birbaşa çəkilməsə də, bu açıqlamadan sonra sosial şəbəkələrdə müzakirələr yenidən alovlanıb.
Çan daha sonra üzr istəyib. O, X hesabında Sunoodan və onun pərəstişkarlarından üzr istəyərək, qrupun fan görüşlərinə dəfələrlə qatılmasının ona qrup üzvləri ilə olduğundan daha yaxın münasibətdə olduğu hissini yaratdığını bildirib. Mina ABŞ-dakı davranışından “dərin peşmanlıq” duyduğunu qeyd edib.
Mina Çanın ölüm xəbəri yayıldıqdan sonra sosial şəbəkələrdə çoxsaylı başsağlığı mesajları paylaşılıb.
Onun izləyicilərindən biri Mina Çanın belə bir sonu haqq etmədiyini və onu “mehriban və yaxşı qəlbli” insan kimi xatırladığını bildirib.
Mina Çanın bacısı da “Instagram” hesabında bacısının “hamıya qarşı mehriban və isti münasibətli” olduğunu yazaraq, ölümünün ailə üçün dağıdıcı olduğunu qeyd edib.
Mina Çanın ölümü ilə bağlı araşdırma başlanıb. Səlahiyyətli orqanlar hadisənin bütün təfərrüatlarını araşdırır.
İstintaq çərçivəsində onun ölümündən əvvəl yaşadığı sosial media mübahisələrinin hadisə ilə əlaqəsinin olub-olmadığı da müəyyənləşdirilir.
Jalə Demokrat.az


