Süd antibiotiklərin təsirini azalda, çay və qəhvə isə dəmir preparatlarının sorulmasına mane ola bilər. Həmçinin bananları bəzi təzyiqsalıcı dərmanlarla, qreypfrutu isə statinlərlə birlikdə qəbul etmək tövsiyə edilmir.
Demokrat.az xəbər verir ki, onkoloq Vladimir İvaşkov bu barədə özünün "Telegram" kanalında məlumat verib.
Həkim bildirib ki, süd bəzi antibiotiklərin, xüsusilə tetrasiklinlər və ftorxinolonların orqanizm tərəfindən sorulmasını azalda bilər. Buna görə də bu preparatları süd və süd tərkibli içkilərlə birlikdə qəbul etmək məsləhət görülmür.
İvaşkov ayrıca alkoqol və parasetamolun təhlükəli kombinasiyası barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu birləşmə qaraciyərə əlavə yük yaradır.
“Dəmir preparatları qəbul edilərkən həkim qəhvə və çaydan imtina etməyi məsləhət görür. Bu içkilər mikroelementin sorulmasını əhəmiyyətli dərəcədə – təxminən 60 faizədək azalda bilər”, deyə həkim qeyd edib.
İvaşkov bəzi dərmanların qida məhsulları ilə qarşılıqlı təsirinə də diqqət çəkib. Xüsusilə bəzi təzyiqsalıcı dərmanları bananla birlikdə qəbul etməməyi, statinlərdən (xolesterinin səviyyəsinə nəzarət edən dərmanlar) istifadə zamanı isə qreypfrut yeməməyi tövsiyə edib.
Bu kombinasiyalardan imtina etmək təhlükəli yan təsirlərin yaranması riski ilə bağlıdır. Banan bəzi təzyiq dərmanları qəbul edilərkən orqanizmdə kaliumun həddindən artıq artmasına səbəb ola bilər. Qreypfrut isə statinlərin parçalanmasını ləngidərək preparatın qanda həddindən artıq toplanmasına və doza aşımına gətirib çıxara bilər.
Mütəxəssis K vitamini ilə zəngin göyərtiləri – ispanaq, cəfəri və brokkolini – trombların yaranmasının qarşısını almaq üçün istifadə olunan varfarinlə birlikdə çox miqdarda qəbul etməməyi məsləhət görüb. Varfarin qanın laxtalanmasını ləngitmək və trombların yaranmasının qarşısını almaq üçün K vitamininin təsirini bloklayır. Qidadan həddindən artıq K vitamini qəbulu isə dərmanın təsirini zəiflədə bilər.
Həkim əksər dərmanlar üçün ən təhlükəsiz variantın adi su olduğunu bildirib. Bununla belə, konkret məhdudiyyətlər preparatdan asılıdır. Buna görə dərman qəbul etməzdən əvvəl onun təlimatı ilə tanış olmaq və mümkün qarşılıqlı təsirləri həkim və ya əczaçı ilə dəqiqləşdirmək tövsiyə olunur.
Jalə Demokrat.az


