Sosial Özəl

Adınıza yığılan vergi borcundan qurtulmağın yolu — Açıqlama

Adınıza yığılan vergi borcundan qurtulmağın yolu — Açıqlama

Bəzən vətəndaşın adına VÖEN açılır, lakin həmin VÖEN-dən faktiki olaraq başqa şəxslər istifadə edir. Nəticədə sahibkarlıq fəaliyyətindən yaranan vergi öhdəlikləri və borclar VÖEN-in sahibi olan şəxsin üzərinə düşür. Bu isə sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını bildirən vətəndaş üçün ciddi hüquqi və maliyyə problemləri yarada bilər.

Bəs belə vəziyyətdə qanun qarşısında məsuliyyət kimin üzərinə düşür? Şəxs öz adına VÖEN açılmasından və həmin VÖEN-dən başqa şəxslərin istifadəsindən xəbərsiz olubsa, yaranmış böyük məbləğdə vergi borcunun ləğv edilməsi mümkündürmü? Vətəndaş faktiki sahibkarlıq fəaliyyəti göstərmədiyini hansı yollarla sübut edə və üzərinə yaranmış vergi öhdəliyindən necə azad ola bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Misirə Xəlilzadə bildirib ki, təcrübədə vətəndaşların elektron imza və ya “ASAN İmza” vasitələrindən onların xəbəri və ya razılığı olmadan istifadə edilməsi, yaxud vətəndaşın aldadılması və ya etimadından sui-istifadə edilərək etibarnamə alınması yolu ilə onun adına VÖEN rəsmiləşdirilməsi hallarına rast gəlinir.

Adınıza yığılan vergi borcundan qurtulmağın yolu — Açıqlama

Onun sözlərinə görə, belə hallarda şəxs sonradan adına sahibkarlıq fəaliyyətinin rəsmiləşdirildiyini və artıq onun üzərinə əhəmiyyətli məbləğdə vergi borcu hesablandığını öyrənə bilər:

“Bu cür hallarda şəxsin hüquqlarının müdafiəsi üçün ilk növbədə VÖEN-in rəsmiləşdirilməsinə və sonrakı sahibkarlıq fəaliyyətinə əsas olmuş hüquqi və elektron təhlükəsizlik tədbirləri görülməlidir. Əgər VÖEN-in açılması etibarnamə əsasında həyata keçirilibsə, həmin etibarnamənin ləğv edilməsi, elektron imza və ya “ASAN İmza” məlumatlarının başqa şəxslərin istifadəsində olduğu ehtimal edilirsə, müvafiq giriş və istifadə imkanlarının dərhal dayandırılması zəruridir. Məqsəd həmin şəxslərin vətəndaşın adından yeni hüquqi və maliyyə öhdəlikləri yaratmasının qarşısını almaqdır.

Bundan sonra vətəndaş yaranmış vəziyyətlə bağlı Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməli, adına VÖEN-in hansı əsaslarla açıldığının, hansı fəaliyyətin rəsmiləşdirildiyinin, vergi borcunun hansı əməliyyatlar əsasında hesablandığının və həmin əməliyyatların hansı sənədlərlə təsdiq edildiyinin araşdırılmasını tələb etməlidir.

Əgər şəxs həmin sahibkarlıq fəaliyyətini faktiki olaraq həyata keçirməyib, gəlir əldə etməyib və onun adına rəsmiləşdirilmiş əməliyyatların həyata keçirilməsində iştirak etməyibsə, bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Xüsusilə elektron imzadan kimin istifadə etdiyi, etibarnamənin hansı şəraitdə verildiyi, bank hesabları üzrə əməliyyatları kimin həyata keçirdiyi, müqavilələri və elektron sənədləri kimin imzaladığı, malların və xidmətlərin faktiki olaraq kim tərəfindən təqdim edildiyi kimi məsələlərin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.

VÖEN-dən və digər elektron identifikasiya vasitələrindən şəxsin xəbəri və iradəsi olmadan istifadə edilməsi ehtimalı olduqda, məsələ hüquq-mühafizə orqanlarına təqdim edilməli və hadisənin hüquqi qiymətləndirilməsi tələb olunmalıdır. Araşdırma nəticəsində saxtakarlıq, sənədlərdən, elektron imzadan və ya digər identifikasiya vasitələrindən qanunsuz istifadə kimi halların müəyyən edilməsi şəxsin faktiki sahibkarlıq fəaliyyətini həyata keçirmədiyini sübut edən mühüm faktlardan biri ola bilər.

Hüquq-mühafizə orqanlarında aparılan araşdırmanın nəticələri, məhkəmə qərarı və digər sübutlar sonradan vergi orqanına təqdim edilərək şəxsin mübahisələndirilən sahibkarlıq fəaliyyəti ilə faktiki əlaqəsinin olmadığı əsaslandırıla bilər. Vergi orqanı tərəfindən vergi borcunun hesablanmasının əsassız olduğu müəyyən edilərsə, müvafiq vergi öhdəliyinin, faizlərin və maliyyə sanksiyalarının qanunvericiliyə uyğun qaydada aradan qaldırılması məsələsinə baxılmalıdır.

Vergi orqanı tərəfindən şəxsin müraciətinin təmin edilməsindən imtina edildiyi və ya onun hüquqları bərpa olunmadığı halda isə vergi orqanının qərarından inzibati məhkəməyə müraciət etmək mümkündür. Bu mərhələdə şəxsin faktiki sahibkarlıq fəaliyyəti həyata keçirmədiyini təsdiq edən bütün sübutların məhkəməyə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.

Göründüyü kimi, belə hallarda proses müəyyən vaxt və hüquqi prosedurlar tələb etsə də, şəxsin faktiki həyata keçirmədiyi fəaliyyətdən vergi borcunun yarandığını əsaslı və mötəbər sübutlarla təsdiq etmək mümkündür. Bu baxımdan vətəndaşların elektron imza, “ASAN İmza”, bank hesablarına giriş vasitələri və digər elektron identifikasiya məlumatlarını başqa şəxslərə təqdim etməməsi, həmçinin etibarnamə verərkən onun məzmununu və hansı səlahiyyətləri əhatə etdiyini diqqətlə yoxlaması xüsusi əhəmiyyət daşıyır. Şəxsi məlumatların və elektron identifikasiya vasitələrinin digər şəxslərin istifadəsinə verilməsi sonradan vətəndaşın xəbəri olmadan onun adına vergi, maliyyə və digər hüquqi öhdəliklərin yaranmasına səbəb ola bilər.

Nəticə etibarilə, vətəndaşın adına VÖEN-in rəsmiləşdirilməsi onun faktiki olaraq sahibkarlıq fəaliyyəti həyata keçirdiyini və həmin fəaliyyətdən gəlir əldə etdiyini hər bir halda avtomatik olaraq təsdiq etmir. Konkret hal üzrə faktiki fəaliyyətin kim tərəfindən həyata keçirildiyi, gəlirin kim tərəfindən əldə edildiyi və vətəndaşın həmin əməliyyatlarda iştirakının olub-olmaması araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir”, – deyə Misirə Xəlilzadə fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az