Kriminal Özəl

Bakıda ərindən telefon gizlədən qadın döyüldü

Bakıda ərindən telefon gizlədən qadın döyüldü

Bakının Sabunçu rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər Yaşayış Massivində baş verib.

Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Təhməz həmin yaşayış massivində nömrəsiz evdə olan yataq otağında arvadı Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib.

Bu zaman Təhməz arvadının mobil telefonunu ona vermək istəməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun üz nahiyəsindən bir dəfə əl zərbəsi ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Təhməzə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Təhməz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə barışıb, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmayıb. O, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

Təqsirləndirilən şəxs həyat yoldaşı ilə barışması barədə yazılı ərizəsini məhkəməyə təqdim edib. Zərərçəkmiş də ifadəsində əri ilə barışdığını təsdiqləyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilib. İş üzrə cinayət təqibinə xitam verilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az