Hadisə

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin fiziki və kolloid kimya kafedrasının professoru Sabit Məmmədov vəfat edib.

Demokrat.az xəbər verir ki, Sabit Məmmədov 1951-ci ildə Qazax rayonunda anadan olub. 1973-cü ildə BDU-nun Kimya fakültəsini bitirib.

1981-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1996-cı ildə isə elmlər doktoru dissertasiyasını müdafiə edib. 2003-cü ildən professor elmi adını daşıyıb.

O, əmək fəaliyyətinə Zaqatalada kimya müəllimi kimi başlayıb. Daha sonra akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda, həmçinin BDU-nun neft kimyası və kimya texnologiyası kafedrasında çalışıb. 2008-ci ildən isə universitetin fiziki və kolloid kimya kafedrasında fəaliyyət göstərib.

Alim elmi fəaliyyətinə görə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə mükafatlandırılıb.

Sabit Məmmədov 11 kitabın, 14 patentin, 40-dan çox elmi məqalə və tədris-metodiki proqramın müəllifi olub.

BDU-nun rəhbərliyi və kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Demokrat.az

D
demokrat.az