Maraqlı Özəl

Kişmiş həqiqətən düşünüldüyü qədər faydalıdır?

Kişmiş həqiqətən düşünüldüyü qədər faydalıdır?

Kişmiş ilk baxışda adi qəlyanaltı təsiri bağışlasa da, əslində gözləniləndən daha çox faydaya malikdir.

Demokrat.az xəbər verir ki, "Prevention" nəşri diyetoloqlar Lena Bakoviç və Keti Şimmelpfenninqə istinadən kişmişin xüsusiyyətləri barədə məlumat yayıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, 42 qramlıq kiçik bir kişmiş paketində 129 kalori, 1,4 qram zülal, 34 qram karbohidrat, 2 qram lif və 28 qram şəkər var. Lakin kişmişin faydaları bununla məhdudlaşmır. O, xüsusilə kversetin və fenol turşuları kimi polifenol antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir.

Bakoviçin sözlərinə görə, kişmiş kifayət qədər konsentrat qida maddələri mənbəyidir. Antioksidantlara gəldikdə isə dietoloq onların oksidləşdirici stresin qarşısını aldığını və xroniki xəstəliklərin profilaktikasına müsbət təsir göstərdiyini qeyd edir.

Ürək üçün də faydalıdır

Alimlər kişmişin ürək-damar sistemi üçün faydalarını da qeyd edirlər. Bir sıra araşdırmalarda müntəzəm kişmiş qəbulunun ümumi xolesterinin, "pis" xolesterin kimi tanınan LDL-nin və sistolik qan təzyiqinin azalması ilə əlaqəli olduğu müəyyən edilib.

Diyetoloq Şimmelpfenninq bildirir ki, kiçik bir ovuc kişmişdə bananda olan kaliumun təxminən üçdə biri qədər kalium var.

Şirin dadına baxmayaraq, kişmiş qanda şəkərin kəskin yüksəlməsinə səbəb olmur. Onun qlisemik indeksi aşağı və orta səviyyə arasında dəyişir və təxminən 49-69 təşkil edir. Bir araşdırmada həm sağlam insanlarda, həm də 2-ci tip diabeti olan şəxslərdə kişmişin qlükoza və insulin səviyyəsində qlükoza əsaslı etalon məhsulla müqayisədə daha kiçik artıma səbəb olduğu müəyyənləşdirilib.

Həzm sistemi üçün faydası

Kişmişdəki lif prebiyotik rolunu oynayır. Bakoviçin sözlərinə görə, lif bağırsaqlardakı faydalı bakteriyaları qidalandırır. Bu isə həzm prosesi və bağırsaqların ümumi sağlamlığı üçün vacibdir.

Kimlər ehtiyatlı olmalıdır

Bununla belə, bəzi insanlar kişmiş qəbul edərkən daha diqqətli olmalıdır. Tərkibində şəkərin konsentrasiyası yüksək olduğundan, nəzarətsiz diabeti olan şəxslərə kişmişi məhdud miqdarda yemək və onu zülal və ya yağ mənbəyi ilə birlikdə qəbul etmək tövsiyə olunur.

Kaliumun yüksək olması səbəbindən böyrək xəstəlikləri olan insanlar da ehtiyatlı davranmalıdır. Belə xəstələrin kişmişi rasionlarına əlavə etməzdən əvvəl həkimlə məsləhətləşməsi daha məqsədəuyğundur.

Həkimlərin sözlərinə görə, bəzi qurudulmuş meyvələr rəngin qorunması üçün sulfitlərlə emal edilə bilər. Bu maddələrə həssaslığı olan insanlar məhsulun etiketini diqqətlə oxumalıdır.

Jalə Demokrat.az

D
demokrat.az