Kartofdan hazırlanan yeməklər arasında sobada qiyməli kartof dolması xüsusi dadı ilə seçilir. Klassik dolmalardan fərqli olaraq, bu yeməyin hazırlanması həm asandır, həm də çox vaxt aparmır.
Demokrat.az oxucuları üçün süfrəyə fərqli dad gətirəcək sobada qiyməli kartof dolmasının reseptini təqdim edir.
Lazım olan ərzaqlar: 6-7 ədəd orta ölçülü kartof 200 qram qiymə 1 ədəd soğan 1 ədəd yumurta 1 stəkan pomidor şirəsi 1 stəkan isti su 1 xörək qaşığı qarğıdalı yağı 1 xörək qaşığı tomat 3 budaq reyhan Duz və qara istiot Hazırlanması:
Əvvəlcə kartofları yaxşıca yuyun və duzlu suda tam yumşalmayacaq şəkildə qaynadın. Soyuduqdan sonra qabıqlarını soyun və içlərini ehtiyatla oyun.
İçliyi hazırlamaq üçün soğanı və reyhanı xırda doğrayın. Qiymənin üzərinə soğan, reyhan, yumurta, duz və qara istiot əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız içliyi kartofların içərisinə doldurun və onları soba qabına düzün.
Sous üçün tomatı, pomidor şirəsini, qarğıdalı yağını və isti suyu qarışdırın. Sousu kartofların üzərinə tökün.
Kartofları əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirmə zamanı qabın dibindəki sousdan qaşıqla götürüb kartofların üzərinə tökmək məsləhətdir. Bu, yeməyin daha şirəli olmasına kömək edəcək.
Kartoflar tam yumşaldıqdan sonra yeməyi sobadan çıxarın və isti halda süfrəyə verin.
Jalə Demokrat.az


