“Keçən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyanat və sülh müqaviləsinin mətninin paraflanması tarixi əhəmiyyətə malik hadisə idi. Həmin hadisədən artıq bir il ötür və bu müddət ərzində regionda kifayət qədər ciddi dəyişikliklərin baş verdiyini görürük”.
Bu sözləri Demokrat.az-a danışan politoloq Oqtay Qasımov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistana tətbiq olunmuş tranzit məhdudiyyətlərini aradan qaldırıb və Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasına artıq start verilib:
“Bundan başqa, Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələr ciddi şəkildə intensivləşib, müxtəlif komissiyalar mütəmadi olaraq görüşlər keçirirlər. Bunlarla yanaşı, ictimai sektorun nümayəndələri də əlaqələrini genişləndiriblər, qarşılıqlı səfərlər həyata keçirilir. Bütün bunlar vacib məsələlərdir. Yəni, bir il ərzində nəzərdə tutulan layihə üzrə kifayət qədər ciddi işlər görülüb”.

Politoloq bildirib ki, yekun nəticə isə sülh müqaviləsinin imzalanmasından keçir:
“Bu məsələdə Azərbaycan Ermənistandan konkret addımlar gözləyir. Söhbət Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsindən gedir. Çünki Azərbaycan hesab edir ki, Ermənistan Konstitusiyasında dəyişiklik edərək Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəaları aradan qaldırmalıdır. Yəni, bir il ərzində kifayət qədər ciddi addımlar atılıb, irəliləyişlər əldə olunub. Lakin hələlik yekun nəticəyə nail olmaq mümkün olmayıb”.
Qeyd edək ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin üzərindən bir il keçir. Bu müddət ərzində sülh prosesinin gedişi, Azərbaycanın təşəbbüsləri və regionda baş verən siyasi dəyişikliklər əsas mövzulardan olub. Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasətinin ötən bir ildə yaratdığı nəticələr və əldə olunan razılaşmaların Cənubi Qafqazın gələcəyinə təsiri isə danılmazdır.


