Maraqlı Özəl

Mürəbbənin hazırlanmasında edilən ən böyük səhvlər açıqlandı

Mürəbbənin hazırlanmasında edilən ən böyük səhvlər açıqlandı

Evdə mürəbbə hazırlayarkən düzgün meyvə seçimi, şəkərin miqdarı və bişirmə qaydalarına riayət olunmaması məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, kulinariya mütəxəssisləri mürəbbənin uğurlu alınması üçün bir sıra vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər.

Mütəxəssislərin sözlərinə görə, mürəbbə hazırlayarkən təzə, quru və bir qədər yetişməmiş meyvələrdən istifadə etmək daha məqsədəuyğundur. Çiyələk və moruq kimi meyvələr bişirilməzdən əvvəl bir neçə saat şəkərlə saxlanılmalıdır. Gavalı, qarağat, alça və albalı kimi meyvələr isə şəkər əlavə edilməzdən öncə qısa müddət ərzində qaynadılmalıdır.

Bildirilib ki, mürəbbənin lazımi konsistensiyanı alması üçün meyvələrin tərkibində olan təbii pektin mühüm rol oynayır. Pektini az olan meyvələrdən mürəbbə hazırlanarkən pektinlə zəngin meyvələrdən istifadə etmək və ya əlavə pektin tərkibli mürəbbə şəkəri seçmək tövsiyə edilir.

Mütəxəssislər qeyd edirlər ki, mürəbbənin hazır olmasının əsas göstəricilərindən biri onun təxminən 104,5 dərəcə temperaturda qatılaşmasıdır. Bu mərhələdə qaynama prosesi yavaşıyır, qarışığın səthi daha parlaq görünür və kütlə qalınlaşmağa başlayır. Onların fikrincə, mürəbbəni az bişirmək daha məqsədəuyğundur. Çünki duru alınan mürəbbəni sonradan yenidən bişirmək mümkündür, həddindən artıq bişmiş mürəbbəni isə əvvəlki vəziyyətinə qaytarmaq olmur.

Bundan başqa, bişirmə zamanı əmələ gələn köpüyün azaldılması üçün qarışığın bişirmənin sonunda eyni istiqamətdə qarışdırılması məsləhət görülür. Mürəbbə bankalara doldurularkən isə onun temperaturunun 85 dərəcədən yuxarı olması və bankaların tam doldurulması tövsiyə edilir. Bu, məhsulun daha uzun müddət saxlanmasına kömək edir.

Demokrat.az

D
demokrat.az