Siyasət Özəl

"Sülh prosesi ilə bağlı müəyyən irəliləyişlər müşahidə olunur"

Sülh prosesi ilə bağlı müəyyən irəliləyişlər müşahidə olunur

“Sülh prosesi ilə bağlı müəyyən irəliləyişlər müşahidə olunur. Ermənistanda keçirilən seçkilər başa çatdıqdan sonra prosesin davam etdirilməsi ilə bağlı müxtəlif siqnallar, çağırışlar və rəsmi açıqlamalar səsləndirilir. Bu isə göstərir ki, sülh prosesi dayanmayıb və müəyyən istiqamətlər üzrə davam edir”

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi mövqeyində də qeyd olunduğu kimi, Ermənistanda xüsusilə Konstitusiya ilə bağlı müəyyən addımların atıldığı müşahidə olunur:

“Məhz bu dəyişikliklər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın əsas gözləntilərindən biri Ermənistanın hüquqi bazasında sülh sazişinə maneə yarada biləcək müddəaların aradan qaldırılmasıdır. Bu baxımdan Konstitusiya islahatları sülh prosesinin mühüm elementlərindən biri kimi qiymətləndirilir.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu, bir günə və ya qısa müddətdə həll olunacaq məsələ deyil. Söhbət kifayət qədər mürəkkəb siyasi və diplomatik prosesdən gedir. Burada yalnız Azərbaycan və Ermənistanın mövqeyi deyil, eyni zamanda, region dövlətlərinin və prosesdə maraqlı olan beynəlxalq aktorların yanaşması da mühüm rol oynayır. Onların bu prosesə dəstəyi və ya əksinə, müxtəlif formalarda maneələr yaratması yekun nəticəyə təsir göstərə biləcək amillərdəndir.

Ona görə də prosesə uzunmüddətli perspektivdən yanaşmaq lazımdır. Bütün çətinliklərə baxmayaraq, hazırkı mərhələdə müşahidə olunan siyasi mesajlar və atılan addımlar onu deməyə əsas verir ki, sülhün əldə olunması istiqamətində müəyyən irəliləyişlərin olacağı gözlənilir. Bu proses mərhələli şəkildə aparılacaq və qarşıdakı dövrdə də yeni addımların atılması ehtimalı yüksəkdir”, - deyə deputat fikrini tamamlayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannamədən bir il ötür. 2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüş çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh prosesinin irəlilədilməsi və regionda yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Ötən bir il ərzində Vaşinqton razılaşmalarının fonunda Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığı müşahidə olunur. Hazırda əsas diqqət əldə olunan razılaşmaların praktiki icrasına, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması perspektivinə və regionda uzunmüddətli sabitliyin təmin olunması məsələlərinə yönəlib.

Nuray Paşşanlı

D
demokrat.az