Maraqlı Özəl

Ali təhsilli qadınlar daha çox diplomu olmayan uğurlu kişiləri seçir: Səbəb nədir?

Ali təhsilli qadınlar daha çox diplomu olmayan uğurlu kişiləri seçir: Səbəb nədir?

Ali təhsilli qadınlar getdikcə daha çox universitet diplomuna malik olmayan, lakin yüksək gəlir əldə edən kişilərlə evlənirlər. Bu tendensiya eyni zamanda ali təhsili olmayan qadınlar üçün potensial tərəfdaş seçimini daraldır. Bu nəticə ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunun (NBER) yeni araşdırmasında yer alıb.

Demokrat.az xəbər verir ki, araşdırma barədə "Fortune" nəşri məlumat yayıb.

Tədqiqat müəlliflərinin sözlərinə görə, son onilliklərdə qadınlar kişilərlə müqayisədə ali təhsil almağa daha çox üstünlük verməyə başlayıblar. Nəticədə ali təhsilli qadınlar üçün universitet diplomuna malik potensial tərəfdaşların sayı azalıb və onlar yüksək gəlirə, sabit maliyyə vəziyyətinə malik olan diplomsuz kişiləri daha çox seçməyə başlayıblar.

Araşdırmada vurğulanır ki, bu, təsadüfi seçim deyil. Məlumatlara əsasən, məhz ali təhsili olmayan, lakin ən yüksək gəlir qrupuna daxil olan kişilər son illərdə ali təhsilli qadınlarla daha tez-tez ailə qururlar. Həmin kişilərin orta gəlirləri də son illərdə artıb.

Alimlər qeyd edirlər ki, bu tendensiyanın digər tərəfi də var. İqtisadi baxımdan uğurlu, lakin ali təhsili olmayan kişilərin əhəmiyyətli hissəsi ali təhsilli qadınlarla evləndiyindən, ali təhsili olmayan qadınlar üçün sabit və yüksək gəlirli tərəfdaş tapmaq daha çətinləşir. Araşdırma müəlliflərinin hesablamalarına görə, onlar üçün əlçatan olan belə kişilərin sayı faktiki olaraq təxminən iki dəfə azalıb.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr tərəfdaş seçim meyarlarının dəyişdiyini göstərir. Əgər əvvəllər universitet diplomu sosial statusun əsas göstəricilərindən biri hesab olunurdusa, hazırda insanların real iqtisadi perspektivləri və maliyyə imkanları daha böyük əhəmiyyət daşıyır.

Jalə Demokrat.az

D
demokrat.az