Siyasət Özəl

Ekspert: Vaşinqton Bəyannaməsi regionda yeni geosiyasi reallıq formalaşdırıb

Ekspert: Vaşinqton Bəyannaməsi regionda yeni geosiyasi reallıq formalaşdırıb

“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamədən ötən bir il ərzində Cənubi Qafqazda sülh gündəliyi regional siyasətin əsas mövzularından biri olaraq qalıb. Bu müddət ərzində tərəflər arasında tam sülh sazişi hələ imzalanmasa da, danışıqların davam etməsi, qarşılıqlı təmasların saxlanılması və beynəlxalq vasitəçilərin prosesə marağının qorunması müsbət dinamikanın mövcud olduğunu göstərir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Ekspert: Vaşinqton Bəyannaməsi regionda yeni geosiyasi reallıq formalaşdırıb

O qeyd edib ki, Azərbaycanın mövqeyi bu dövrdə əsasən uzunmüddətli və hüquqi əsaslara söykənən sülh modelinin formalaşdırılması üzərində qurulub:

“Regionda davamlı sabitliyin təmin olunması üçün dövlətlərin qarşılıqlı şəkildə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması, sərhədlərin toxunulmazlığına hörmət edilməsi və gələcəkdə ərazi iddialarından imtina olunması vacib şərtlərdir. Məhz bu yanaşma Azərbaycanın irəli sürdüyü beş baza prinsipində də öz əksini tapıb və son illərdə aparılan danışıqların hüquqi-siyasi əsasını təşkil edib. Bir il ərzində diqqət çəkən məqamlardan biri də odur ki, beynəlxalq ictimaiyyətin böyük hissəsi regionda kommunikasiyaların açılmasını və iqtisadi əməkdaşlığın genişlənməsini sülhün mühüm elementi kimi qiymətləndirib.

Bu baxımdan, Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin perspektivi, Orta Dəhlizin inkişafı və Cənubi Qafqazın Avropa ilə Asiya arasında tranzit imkanlarının genişlənməsi həm regional ölkələrin, həm də beynəlxalq tərəfdaşların maraq dairəsində qalır. Vaşinqton platformasının əhəmiyyəti də məhz burada özünü göstərir. ABŞ müxtəlif dövrlərdə Azərbaycan və Ermənistan arasında dialoqu dəstəklədiyini bəyan edib və tərəfləri sülh sazişinin paraflanmasına təşviq edib. ABŞ Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsləri və liderlər arasında aparılan yazışmalar da bu prosesə siyasi impuls vermək məqsədi daşıyırdı. Bununla belə, beynəlxalq təcrübə göstərir ki, xarici vasitəçilər danışıqlar üçün şərait yarada bilsələr də, yekun razılaşmanın əldə olunması ilk növbədə tərəflərin siyasi iradəsindən və qarşılıqlı etimadın formalaşmasından asılıdır”.

“Ötən il ərzində Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda etdiyi çıxışlarda dəfələrlə Azərbaycanın sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edib və regionda yeni əməkdaşlıq modelinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Paralel olaraq, iqtisadi layihələrin inkişafı, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın münaqişədən sonrakı dövrə strateji baxışını nümayiş etdirən əsas istiqamətlər kimi diqqət çəkib.

Bununla yanaşı, sülh prosesinin qarşısında hələ də müəyyən çətinliklər qalmaqdadır. Sərhədlərin delimitasiya və demarkasiyası, regional kommunikasiyaların hüquqi mexanizmləri, qarşılıqlı etimadın möhkəmləndirilməsi və yekun sülh sazişinin imzalanması üçün Ermənistanın Konstitusiyasında dəyişikliklər istiqamətində müvafiq addımların atılması tələb olunur. Regionda uzunmüddətli sabitliyin əsas şərtləri də məhz bu məsələlərin öz həllini tapmasından keçir.

Ümumilikdə, Vaşinqton Birgə Bəyannaməsindən keçən bir il göstərdi ki, Cənubi Qafqaz artıq hərbi qarşıdurma gündəmini arxada qoyaraq siyasi dialoq və iqtisadi inteqrasiya müstəvisinə keçib. Bu prosesin uğuru isə Ermənistanın öz öhdəliklərinə sadiqliyindən, əldə olunan razılaşmaların praktik icrasından və regionda etimad mühitinin davamlı şəkildə möhkəmləndirilməsindən asılı olacaq”.

Fidan Hacızadə

D
demokrat.az