Bəzi insanlar özlərini tez-tez narahat, utancaq və ya "hər şeyi səhv edirəm" düşüncəsi ilə yaşayırlar. Mütəxəssislərin fikrincə, bunun səbəbi çox vaxt uşaqlıq dövründə formalaşan yanlış özünüdərk və ailədə öyrənilən davranış modelləridir.
Demokrat.az xəbər verir ki, "Your Tango" nəşri daimi utanc hissinin arxasında dayanan uşaqlıq təcrübələrini açıqlayıb.
Məqalədə qeyd olunur ki, bu hissi yaşayan insanlar tez-tez dediklərini və davranışlarını sorğulayır, hətta başqalarının onları necə qiymətləndirəcəyindən narahat olduqları üçün özlərini təbii apara bilmirlər.
Mütəxəssislər bunun əsasən uşaqlıqda mənimsənilən aşağıdakı inanclarla əlaqəli olduğunu bildirirlər:
* "Məndə nəsə problem var" – Davamlı tənqid olunan və ya "digərləri kimi deyilsən" mesajı alan uşaqlar zamanla özlərini qüsurlu hesab etməyə başlayırlar.
* "Həddindən artıq emosionalam" – Hisslərini ifadə etdiklərinə görə "dramatik" adlandırılan uşaqlar sonradan həssaslıqlarına görə utanmağa meylli olurlar.
* "Susmaq daha yaxşıdır" – Fikirlərinə lağ edilən və ya tez-tez "sus" deyilən uşaqlar böyüdükdə öz fikirlərini ifadə etməkdən çəkinə bilərlər.
* "Sevgi qazanılmalıdır" – Valideyn sevgisinin şərtli olduğunu düşünən insanlar başqalarını razı salmağa çalışır, öz ehtiyaclarını isə ikinci plana keçirirlər.
* "Problemlərimi tək həll etməliyəm" – Dəstək görməyən uşaqlar yardım istəməyi zəiflik kimi qəbul edə bilərlər.
* "Mənim ehtiyaclarım vacib deyil" – Ehtiyacları görməzdən gəlinən uşaqlar gələcəkdə də başqalarının laqeyd münasibətini normal hesab edə bilərlər.
* "Başqalarına mane olmamalıyam" – Özünü daim geri planda saxlamağa çalışan insanlar çox yer tutduqlarını və ya başqalarını narahat etdiklərini düşünə bilərlər.
Psixoloqlar vurğulayırlar ki, bu cür düşüncə tərzi insanın özünəinamına, münasibətlərinə və emosional rifahına uzunmüddətli təsir göstərə bilər. Bununla belə, bu inanclar dəyişdirilə bilər və psixoloji dəstək, özünüdərk üzərində işləmək, eləcə də sağlam münasibətlər qurmaq bu prosesdə mühüm rol oynayır.
Jalə Demokat.az


