Sağlamlıq Özəl

Diş əti qanaması hansı xəstəliyin xəbərçisi ola bilər?

Diş əti qanaması hansı xəstəliyin xəbərçisi ola bilər?

Stomatoloq müayinəsi yalnız ağız və diş sağlamlığı ilə bağlı problemləri müəyyənləşdirməyə kömək etmir. Bəzi hallarda ağız boşluğundakı dəyişikliklər digər xəstəliklərin riski barədə də məlumat verə bilər.

Demokrat.az xəbər verir ki, The Lancet Public Health jurnalında dərc olunan genişmiqyaslı araşdırmada diş əti xəstəliyi ilə II tip şəkərli diabet arasında əlaqə araşdırılıb.

16 ölkədə aparılan 28 uzunmüddətli tədqiqatın nəticələrini əhatə edən araşdırmaya 300 mindən çox insan daxil edilib. Tədqiqatlarda iştirakçıların bir qismi 5 ildən 20 ilədək müddətdə müşahidə olunub.

Nəticələrə görə, başlanğıcda diş əti xəstəliyi olan şəxslərdə sonradan II tip şəkərli diabetin inkişaf riski sağlam insanlarla müqayisədə 18-25 faiz daha yüksək olub.

Bütün dişlərini itirmiş şəxslərdə isə sonradan şəkərli diabet diaqnozu qoyulması ehtimalının 30 faizədək artdığı müəyyənləşdirilib.

Araşdırma həmçinin əlaqənin əks istiqamətdə də müşahidə olunduğunu göstərib. Şəkərli diabeti olan şəxslərdə sonrakı illərdə diş əti xəstəlikləri və diş itkisi daha çox qeydə alınıb.

İltihabın rolu

Mütəxəssislər bu əlaqənin mümkün səbəblərindən birinin xroniki iltihab olduğunu bildirirlər. Diş əti xəstəlikləri zamanı yaranan iltihab və bakteriyalar orqanizmdə digər proseslərə də təsir göstərə bilər. Bu vəziyyət insulinə həssaslığın azalmasına və insulin müqavimətinin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən, qanda şəkərin yüksək olması orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini zəiflədə və diş əti xəstəliklərinin inkişafını sürətləndirə bilər.

Hazırda dünyada yüz milyonlarla insan şəkərli diabetdən, milyardlarla insan isə ağız boşluğu xəstəliklərindən əziyyət çəkir. Mütəxəssislər bu səbəbdən ağız sağlamlığının diabetin profilaktikası və müalicəsi ilə bağlı yanaşmalarda daha çox nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Həkimlər diş ətlərində qızartı, şişkinlik, geri çəkilmə və ya tez-tez qanama müşahidə edən şəxslərə stomatoloqa müraciət etməyi tövsiyə edirlər.

Qeyd edək ki, diş əti qanaması təkbaşına şəkərli diabetin əlaməti hesab edilmir. Bu problem müxtəlif səbəblərdən yarana bilər və dəqiq səbəbi yalnız həkim müayinəsi müəyyən edə bilər.

Jalə Demokrat.az

D
demokrat.az