İqtisadiyyat Özəl

Yaşı 70-dən yuxarı olanlar necə kredit götürə bilər? — Açıqlama

Yaşı 70-dən yuxarı olanlar necə kredit götürə bilər? — Açıqlama

Azərbaycanda yaşı 70-dən yuxarı olan şəxslərə bank krediti verilməsi ilə bağlı fərqli yanaşmalar tətbiq olunur. Bəzi maliyyə qurumları bu yaş qrupuna kredit ayrılmasını tam məhdudlaşdırır. Digərləri isə xüsusi şərtlər və təminatlar əsasında müraciətlərə müsbət baxır.

Bəs banklar 70 yaşdan yuxarı şəxslərə kredit ayırarkən hansı meyarları əsas götürür? Yaş məhdudiyyəti qanunvericiliyin tələbindən irəli gəlir, yoxsa bankların daxili risk siyasətinin bir hissəsidir? Bu yanaşma maliyyə risklərinin idarə olunmasına necə təsir göstərir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərim bildirib ki, bu praktika son dövrlərdə müəyyən banklarda tətbiq olunur və bəzi banklarda 73 yaşadək şəxslərə kredit verilir.

Onun sözlərinə görə, burada əsasən pensiya və ya təqaüdünü, eləcə də digər rəsmi gəlirlərini həmin bank vasitəsilə alan şəxslərə üstünlük verilir:

“Bu zaman əsas risk amillərindən biri yaş faktorudur. Orta ömür müddətini nəzərə alsaq, 70–75 yaş aralığında ölüm riski nisbətən yüksək olur. Lakin təbii ki, heç kim heç kimin ölümünü arzulamır. Banklar kredit verərkən potensial müştəriləri seçərkən və kredit məhsulunu təklif edərkən həyat sığortası, zaminlik və digər təminat mexanizmlərindən istifadə edə bilərlər. Beləliklə, yaş faktoru ilə əlaqədar ölüm riski və ya hər hansı xəstəlik səbəbindən ödəniş qabiliyyətinin itirilməsi kimi risklər sığorta və zaminlik vasitəsilə minimuma endirilə bilər. Bu baxımdan, həmin yaş qrupunun kreditləşdirilməsi həyata keçirilə bilər.

Əsas meyar isə şəxsin təqaüdü və digər rəsmi gəlirləridir. Lakin əksər hallarda əsas götürülən məhz təqaüddür. Məsələn, şəxs təqaüdünü ABB vasitəsilə alırsa, birbaşa banka, bəzi hallarda isə onlayn qaydada müraciət edərək krediti rəsmiləşdirə bilər. Daha sonra kredit ödənişlərini ya mobil tətbiq vasitəsilə, ya da pensiyasından avtomatik tutulma yolu ilə həyata keçirir.

Yəni əsas meyar gəlir mənbəyidir. Digər risklər isə sığorta və zaminlik mexanizmləri vasitəsilə təmin oluna bilər”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az