Bakıda mənzil bazarında qiymətlərin yüksək səviyyədə qalması həm alıcıların, həm də ekspertlərin diqqət mərkəzindədir. Son illərdə daşınmaz əmlaka tələbin artması, tikinti xərclərinin yüksəlməsi, torpaq sahələrinin məhdudluğu və digər iqtisadi amillər mənzil qiymətlərinin formalaşmasına birbaşa təsir göstərir. Bu səbəbdən bazarda qiymətlərin yaxın vaxtlarda ucuzlaşıb-ucuzlaşmayacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.
Bakıda mənzil qiymətlərinin enməsinə mane olan əsas faktorlar hansılardır? Yaxın perspektivdə daşınmaz əmlak bazarında ucuzlaşma gözlənilirmi, yoxsa qiymət artımı davam edəcək?
Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, artıq uzun illərdir ki, Bakı şəhərində daşınmaz əmlakın satış qiymətlərində ciddi artım müşahidə olunur.

Onun sözlərinə görə, əmlak bazarında qiymət artımının bir çox səbəbi var:
“Onlardan biri də paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin demək olar ki, qalmaması və ya həmin torpaqların satış qiymətlərinin kəskin bahalaşmasıdır. Bu isə tikintinin maya dəyərinə birbaşa təsir göstərərək mənzillərin qiymətlərinin artmasına səbəb olur.
Bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış və ya qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını sökərək onların yerində yeni binalar inşa edirlər. Bu zaman şirkətlər evləri sökülən sakinlərin köç xərclərini qarşılayır, həmçinin yeni binalarda mənzillər təhvil verilənədək, yəni orta hesabla üç il və ya daha uzun müddət ərzində onların kirayə haqqını ödəyirlər.
Bundan əlavə, sakinlərə yeni tikilən binalarda tam təmirli və əvvəlki mənzillərindən daha geniş sahəyə malik mənzillər təqdim olunur. Nəticədə tikilən mənzillərin əhəmiyyətli hissəsinin əvvəlki sakinlərə verilməsi tikintinin ümumi maya dəyərini artırır və bu da satış qiymətlərinin yüksəlməsinə səbəb olur.
Digər tərəfdən, artıq uzun müddətdir ki, Bakıda söküntü işləri aparılır. Bu işlərin bir hissəsi özəl tikinti şirkətləri, digər hissəsi isə dövlət tərəfindən həyata keçirilir. Dövlət tərəfindən aparılan söküntülər nəticəsində həmin ərazilərdə yeni parklar salınır, infrastruktur layihələri həyata keçirilir və avtomobil yolları çəkilir. Bu isə yaxın gələcəkdə dövlət tərəfindən aparılan söküntülər nəticəsində mənzil fondunun azalacağı ehtimalını artırır. Mənzil fondunun azalması isə bazarda təklifin məhdudlaşmasına və nəticədə qiymətlərin yenidən artmasına səbəb ola bilər.
Əmlak bazarında qiymətlərin enməsi və ya sabitləşməsi üçün dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilə bilər. Məsələn, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən sosial mənzillərin bazara çıxarılması, eləcə də vaxtilə məcburi köçkünlər üçün tikilmiş, torpaqlarımız işğaldan azad edildikdən sonra istifadəsinə ehtiyac qalmayan binalardakı mənzillərin daha münasib qiymətlərlə satışa çıxarılması bazarda qiymətlərin qismən aşağı düşməsinə təsir göstərmişdi.
Bu baxımdan dövlət ehtiyatında olan torpaq sahələrində sosial təyinatlı yaşayış binaları inşa edilər və həmin mənzillər əlçatan qiymətlərlə satışa çıxarılarsa, bazarda təklif artar, süni qiymət artımlarının qarşısını almaq mümkün olar və daşınmaz əmlak bazarında qiymətlərin daha sabit formalaşmasına şərait yaranar”, - deyə ekspert fikrini tamamlayıb.


